Kitabxanalar hər zaman toplumun diqqət mərkəzində olmalıdır


Baxıldı : 73

Tarix : 2019-03-07 05:33:02


Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanaların ləğv edilməsi və nazirliyin  tabeliyində yenidən yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması ilə bağlı Fərman imzalayıb.

 Yeni kitabxana sisteminin yaradılması hansı zərurətdən irəli gəlirdi?

Kitabxanaşünas Fikrət Mahmudov bildirdi ki, kitabxana sisteminin yenilənməsi, müasir tələblər səviyyəsində qurulması son illərin ən aktual məsələlərindən biri kimi gündəmdə idi. Ümumiyyətlə kitabxanalara marağın azalması ictimaiyyətdə davamlı olaraq müzakirə olunurdu. Bundan başqa, kitabxanalar müasir insan təfəkkürünə və zövqünə uyğun kompüter texnologiyaları ilə təmin edilməlidir. Kitabların axtarılması, sifarişi, mütaliəsi asanlaşdırılmalıdır. Yeni yaradılacaq kitabxana strukturu kitabxanalardan bütün dünyada mövcud olan kitablara çıxışın olmasını tələb edir. Bütün bunlar xüsusilə gənclərin kitabxanalara kütləvi surətdə axınını təmin edəcək. Kitabxanalar yalnız tələbələrin deyil, mütəxəssislərin də, bütün vətəndaşların da informasiya, kitab əldə etməsi üçün zəngin olmalıdır.

“Etiraf etməliyik ki, əvvəlki dövrlərlə müqayisədə, kitabxanalara gedənlərin sayı indi qat-qat azdır. Ölkədə 54 ali təhsil müəssisəsi, 50 orta ixtisas təhsil müəssisəsi- kollec,107 peşə məktəbi var və bunların hər birində kitabxana mövcuddur. Kitabxanalardan istifadə edənlərin sayı isə bu müəssisələrdə təhsil alanların cəmi 6 faizini təşkil edir”.

Bunu təhsil üzrə ekspert Kamran Əsədov təəssüflə qeyd etdi. O bildirdi ki, 54 ali təhsil müəssisəsində 164 min tələbə təhsil alır, amma Mərkəzi Kitabxanada qeydiyyatda olan tələbələrin sayına baxsaq görərik ki, tələbələrin sadəcə 10 faizi Mərkəzi Kitabxanadan istifadə edir.  Ekspert hesab edir ki, eyni zamanda kitabxanalarımızın vəziyyətinin yaxşılaşdırılmasına, elektronlaşmasına ehtiyac var: “Prezidentin bu istiqamətdəki son fərmanını dəstəkləyirəm. Bu, mütləq öz müsbət nəticəsini, səmərəsini verəcək, insanlar yenidən kitabxanalara üz tutacaq”.

K.Əsədov dedi ki, orta ümum təhsil məktəbində təhsil alan şagirdlərin də çox as hissəsi məktəb kitabxanalarından istifadə edir. Buna görə mütəmadi olaraq məktəblərdə oxu günləri, həvəsləndirici müsabiqələr keçirilməlidir. Təbii ki, bütün sahələrdə informasiya texnologiyalarının inkişafı müsbət haldır. Lakin ənənəvi kitabxanalar hər zaman toplumun diqqət mərkəzində olmalıdır. Ana dilimizdə kitabların ciddi çatışmazlığı var. Uşaq ədəbiyyatı ümumiyyətlə azdır.  Müəyyən nəşriyyatarın  tərcümə etdikləri kitablar da məzmunca ağırdır, anlaşılan deyil.

Kitabxanalarda oxu zalları mütləq şəkildə olmalıdır. Kitabxanalar onların sadəcə hansısa kitabı alıb oxuması yox, həm də intellektual mübadilə etdiyi, fikir bölüşdüyü maraqlı istirahət məkanına çevrilə bilər.

Hesab edirəm ki,bunun üçün şəhər və rayonlarda çay evləri qədər  “book kafelər” açılmalıdır. Bu kimi tədbirlər görülməlidir ki, gənclərimiz yenidən kitabxanalara üz tutsun.

Kitabların qiymətinə gəlincə, K. Əsədov bildirdi ki, qiymətlər reallığı əks etdirmir. Düşünürəm ki, kağız materialları əlavə dəyər vergisindən azad olunmalıdır ki, kitabların xərcləri azaldılsın. 

Əsli ƏHMƏDOVA