Könüllülük prinsipinin qorunduğu bildirilib


Baxıldı : 152

Tarix : 2017-12-15 21:41:55


Beynəlxalq Əmək Təşkilatı (BƏT)  Özbəkistanın paytaxtı Daşkənddə keçirdiyi toplantıda ölkədə pambıqçılıq sektorunda uşaq əməyinin və məcburi əməyin aradan qaldırıldığını bildiriblər. BƏT tərəfindən yaradılan komissiyanın nümayəndələrinin hazırladığı məruzədə nəzərdə tutulan problemlərin həlli yönündə hökumətin gördüyü işlər və nəticələr qeyd edilib. Toplantıda Uşaq Əməyi və Məcburi Əməklə bağlı Koordinasiya Şurasının üzvləri, hökumət, işəgötürən və həmkarlar ittifaqı təşkilatının nümayəndələri iştirak ediblər. BƏT nəticələrin rəsmi şəkildə Dünya Bankına da  göndəriləcəyini açıqlayıb.

Pambıq yığımı zamanı BƏT-in nümayəndələri tərəfindən ölkənin hər yerində vəziyyəti araşdırmaq üçün 3 minə yaxın müsahibə götürülmüş, min nəfərdən çox insanla telefon sorğusu aparılmışdır. Pambıq yığımı davam etdiyi müddətdə məktəblər, xəstəxanalar və digər dövlət müəssisələrində yoxlamalar aparılmışdır.

Nəticələr həm uşaq əməyinin, həm məcburi işə cəlb olunmanın aradan qalxdığını göstərmişdir. Sənədlərdə pambıqçılıqla məşğul olanların böyük əksəriyyətində könüllülük prinsipinin qorunduğu bildirilib. Onlar BƏT-in və Dünya Bankının tövsiyələrinə uyğun artırılmış əməkhaqqı ilə təmin ediliblər. Məhsuldarlıq da əvvəlki dövrlərə nisbətən yüksəkdir. Bundan başqa əyalət və rayonlar arasında bir qədər fərqlərin olduğu, məlumatlandırılma və işçi potensialının artırılmasına ehtiyac duyulduğu qeyd edilib.

 

Cavid SƏFƏROV