Kollektiv müqavilələr hazırlanarkən nələrə diqqət yetirilməlidir? Göyçayda bu sual ətrafında fikir mübadiləsi aparıldı


Baxıldı : 102

Tarix : 2019-10-18 17:13:21


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin (RK) oktyabrın 16-da Göyçay rayonunda keçirdiyi zona seminar-müşavirəsi əsasən qarşıdan gələn hesabat-seçkilərə hazırlıq işlərinə həsr olunmuşdu. Bu barədə Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə geniş məruzə ilə çıxış etdi. O, əvvəlcə RK-nın Təhsil Nazirliyi ilə 2019-2021-ci illər üçün imzaladığı kollektiv saziş barədə geniş məlumat verdi. Bu sənəddə razılaşdırılmış maddələrin tərəfdaşların üzərinə qoyduğu vəzifələri açıqladı. Dedi ki, yerlərdə bağlanacaq kollektiv müqavilələrdə qeyd olunmuş öhdəliklər mütləq əksini tapmalıdır. Kollektiv müqavilələr hazırlanarkən, reallıq unudulmadan, ittifaq üzvlərinin mənafeyi naminə maksimum öhdəliklərə nail olmaq lazımdır.

Mirzə müəllim 2020-ci ilin birinci rübündə ilk təşkilatlarda baş tutacaq hesabat-seçki yığıncaqlarının hazırlanması, keçirilməsi, sənədləşdirilməsi məsələlərinə də diqqət çəkdi. Bu məqsədlə Respublika Komitəsinin hazırladığı təlimatlar toplusu ilə tədbir iştirakçılarını tanış etdi.

Sonra Respublika Komitəsinin hüquqşünası Sübut Əsədov, Kürdəmir və Göyçay rayon komitələrinin sədrləri Cəbrayıl Cəbrayılov və Almaz Cəfərova çıxış edərək gündəlikdə duran məsələlərə münasibətlərini bildirdilər. Seminar-müşavirə sual-cavabla yekunlaşdı.