Kollektiv müqavilə: görülən işlər, qarşıda duran vəzifələr


Baxıldı : 68

Tarix : 2018-11-23 21:47:26


Noyabrın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının böyük zalında Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin III Məclisinin iclası olmuşdur. İclasın gündəliyi ilə Məclis üzvlərini Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev tanış etmişdir.

Birinci məsələ - “Kollektiv saziş və kollektiv müqavilənin şərtlərinə əsasən, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi sahəsində TİAHİ Respublika Komitəsinin xidmətində olan üzv təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr barədə” arayış dinlənilmişdir. Arayışı Respublika Komitəsinin əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov təqdim etmişdir. Arayışda qeyd olunmuşdur ki, Respublika Komitəsi təhsil müəssisələrində işəgötürən və işçilər arasında əmək münasibətlərinin tənzimlənməsi, kollektiv saziş və kollektiv müqavilələrdə götürülmüş öhdəliklərin yerinə yetirilməsi sahəsində üzv təşkilatların fəaliyyəti yoxlanılmışdır. Yoxlamaların nəticələri göstərir ki, kollektiv müqavilələrdə, Əmək Məcəlləsinin 31-ci maddəsinə uyğun olaraq, təhsil işçilərinin əmək, sosial, iqtisadi, o cümlədən əməyinin ödənilməsi qaydaları və miqdarı, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyənləşdirilməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddətləri haqqında şərtlər, işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün əlavə təminatlar, işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatı ilə razılaşmaların aparılması və digər öhdəliklər öz əksini tapmışdır.

Z.Məmmədov çıxışını konkret misallarla davam etdirdi. Dedi ki, Sumqayıt Şəhər Komitəsində kollektiv müqavilənin şərtləri daim diqqət mərkəzində saxlanılmışdır. Bütün təhsil müəssisələrində işçilərin əməyinin taarifləşdirilməsi, onların iş rejimi qaydaları, əmək normaları, dərs bölgüsü və dərs cədvəli həmkarlar ittifaqı komitələri ilə razılaşdırılmışdır. Təhsil işçilərinə ödənişsiz məzuniyyətlər verildikdə müvafiq həmkarlar ittifaqı komitəsi məlumatlandırılıb. Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 nömrəli qərarına uyğun olaraq əlillik qrupu olan 234 nəfər işçiyə əlavə əməkhaqqı ödənilmişdir. Aylıq maaşları düzgün ödənilməməsinə görə 18 nəfər, məzuniyyət haqlarının düzgün ödənilməməsinə görə isə 13 nəfər şəhər komitəsinə müraciət etmişdi. Müraciətlər araşdırılmış və işçilərin vəsaitləri özlərinə qaytarılmışdır.

2016-2017-ci tədris ilində 4 və 11 nömrəli məktəblərdə fəaliyyət göstərən inklüziv siniflərdə işləyən müəllim köməkçi ştatları Təhsil Nazirliyinin müvafiq məktubu əsasında ləğv edilmiş və beləliklə, 23 müəllim işsiz qalmışdı. Həmin müəllimlər şəhər komitəsinə müraciət etmişdilər. Bir il ərzində tədricən müəllimlər işlə təmin olunmuş və onların əməkhaqları tam ödənilmişdir.

Şəki Şəhər Komitəsi 65 yaşına çatmış işçilərin təhsil müəssisələrində çalışma müddətinin, Əmək Məcəlləsinin müvafiq maddələrinə əməl edilməklə, uzadılmasını  nəzarətdə saxlamışdır. Komitənin təşəbbüsü ilə 17 müəllimlə bağlanmış əmək müqaviləsi yenidən uzadılmışdır. Şəhər komitəsinin xidmətində olan 158 təşkilatdan 89-da “Fərdi əmək mübahisələrinə baxan məhkəməyə qədər komissiya” yaradılmışdır. Komissiyaya 6 nəfər müraciət etmişdir. Onlardan 4 nəfəri yenidən işə bərpa olunmuşdur. Kollektiv müqavilənin 3.1.14-cü maddəsində əlillik dərəcəsi olan işçilər, hamilə, yaşyarımadək uşağı olan qadınlar üçün qısaldılmış iş vaxtının müəyyən edilməsi və həmin işçilərin əməkhaqlarının tam məbləğdə ödənilməsi nəzərdə tutulmuşdur. Bəzi müəssisə rəhbərləri bu öhdəliyi yerinə yetirməkdən boyun qaçırırdı. Şəhər komitəsinin müdaxiləsindən sonra kollektiv müqavilənin həmin maddəsinə əməl olundu.

Şəhər komitəsi üzvlərinin müraciətlərinə həssaslıqla yanaşır. Müraciət etmiş 768 nəfərə maddi yardım göstərilmiş, 66 nəfər yollayışla təmin edilmiş, 36 nəfərə əmək hüquqlarının müdafiəsi ilə əlaqədar müvafiq köməklik göstərilmişdir.

Arayışda İsmayıllı Rayon Komitəsinin də işi təqdir edildi. Bildirildi ki, kollektiv müqavilə konkretliyi və tam əhatəliliyi baxımından diqqətəlayiqdir. Tərəflər götürdükləri öhdəliklərə əsasən əməl edirlər. İttifaq üzvlərinin hamısı ilə fərdi əmək müqaviləsi bağlanmışdır. 2016-cı ildə 53, 2017-ci ildə 56, 2018-ci ildə 87 nəfər təyinatla gəlmiş gənc müəllimlə əmək müqaviləsi bağlanmış və onların sosial şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülmüşdür. 2016-cı ildə 2 nəfər işdən azadolunma, 5 nəfər əməkhaqqı və dərs bölgüsü, 1 nəfər isə mübahisəli məsələlərə görə müraciət etmişdi. Müraciətlər müvafiq qaydada müsbət həll edilmişdi. Ötən 2 ildə 11 nəfər təhsil işçisinin hüquqlarının pozulduğu müəyyən edilmişdi. Kollektiv müqavilənin şərtlərinə əsasən, həmkarlar ittifaqı komitəsində bu məsələyə baxıldı. Onların hüquqları bərpa edildi.

Salyan Rayon Komitəsi kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsi məqsədilə rayon təhsil şöbəsinin və təhsil müəssisələrinin rəhbərləri ilə birgə müəyyən işlər aparmışdır. Öhdəliklərin yerinə yetirilməsi gedişi yoxlanılaraq Rəyasət Heyətinin iclaslarında müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir. İş planına əsasən, “2017 və 2018-ci illərin iyununda kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinin vəziyyəti barədə” məsələ Məclisin müzakirəsinə çıxarılmışdır.

Rayon komitəsi gənc müəllimlərə xüsusi qayğı ilə yanaşmış, onlara maddi və mənəvi dəstək göstərmiş, uzaq kənddə işləməyə göndərilənlərə normal məişət şəraiti yaradılmasına diqqət yetirmişdir. Təhsil işçilərinin peşəkarlığını artırmaqdan ötrü müsabiqələr təşkil olunmuş, onların respublika müsabiqələrində iştirakı təmin olunmuşdur. Şəhər 7 saylı məktəb liseyin riyaziyyat müəllimi İlahə Əhmədli AHİK-in keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuşdur.

Arayışda Respublika Komitəsinin kollektiv müqavilələrin hazırlanması, yerinə yetirilməsi istiqamətində şəhər, rayon və ilk təşkilatlara göstərdiyi metodiki, əməli köməkdən də danışıldı.

Məruzə ətrafında TİAHİ Sumqayıt, İsmayıllı, Kəlbəcər və Salyan rayon komitələrinin sədrləri çıxış etdilər.

Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev yekun sözü söylədi. Arayışda və çıxışlarda səslənən məsələlərə münasibət bildirdi. İradlarını dedi və tövsiyələr verdi.

Məclis Respublika Komitəsinin büdcə göstəriciləri və aparatının ştat cədvəli, Məclis üzvləri arasında qismən dəyişiklik barədə məlumatları dinlədi və məqbul saydı.

Tədbirdə Respublika Komitəsi sədrinin birinci müavini Hümbət Nağıyev və müavini Mirzə Cəfərzadə də iştirak edirdilər.

Bəyalı RZAYEV