“Kollektiv müqavilə və tərəfdaşların öhdəliyi”


Baxıldı : 44

Tarix : 2018-06-09 02:02:55


Quba Dövlət Sosial İqtisadi Kollecində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Abşeron, Şamaxı və Qubadlı rayon komitələrinin sədrləri və Quba rayon komitəsinin xidmətində olan ilk həmkarlar ittifaqı təşkilatlarının fəallarının iştirakı ilə “Kollektiv müqavilə və tərəfdaşların öhdəliyi” mövzusunda zona seminarı keçirilmişdir.

Seminarı Quba rayon komitəsinin sədri İradə İsrafilova açmışdır. Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə bildirmişdir ki, il ərzində müxtəlif mövzular üzrə bölgələrdə  seminarlar keçirilir, görülən işlər, qarşıda duran vəzifələr müəyyən edilir. Bu tədbirlərdə ittifaq üzvləri dinlənilir, onları narahat edən və maraqlandıran təkliflər qeydə alınır.

O eyni zamanda qeyd etmişdir ki, hər il Respublika Komitəsinə, rayon komitələrinə ittifaq üzvlərindən 70 mindən artıq ərizə, şikayət, təklif daxil olur. Bunlar diqqətlə araşdırılır, qanun çərçivəsində həlli üçün müvafiq addımlar atılır.

Mirzə müəllim seminar iştirakçılarına onu da tövsiyə etmişdir ki, Təhsil Nazirliyi ilə Respublika Komitəsi arasında bağlanmış kollektiv sazişdə, təhsil şöbələri ilə şəhər və rayon komitələri, eyni zamanda ilk təşkilatların həmkarlar ittifaqı komitələri ilə təhsil müəssisələrinin rəhbərləri arasında bağlanmış kollektiv müqavilələrdə tərəflərin üzərlərinə götürdükləri öhdəliklər hər ilin sonunda ətraflı müzakirə edilməli, görülən işlər barədə ittifaq üzvlərinə məlumat verilməlidir. Natiq onu da qeyd etmişdir ki, bununla əlaqədar üzv təşkilatlara müvafiq məktublar da göndərilmişdir.

Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov da seminarda məruzə ilə çıxış etmişlər.

Məruzələr ətrafında çıxışlar dinlənilmişdir. Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.

Əsli ƏHMƏDOVA