“Kollektiv müqavilənin əhəmiyyəti əvəzedilməzdir”


Baxıldı : 33

Tarix : 2018-11-08 07:15:26


“İşəgötürənlərlə həmkarlar ittifaqları arasında bağlanan kollektiv müqavilənin hər bir işçi üçün əhəmiyyəti əvəzedilməzdir. Təşkilatımızın qarşısında duran ən mühüm vəzifələrdən biri müqavilə şərtlərinə nəzarəti gücləndirmək və elə etməkdir ki, işləyən insanın səmərəli fəaliyyəti üçün yaxşı əmək şəraiti yaradılsın, iş yeri təhlükəsizlik və sanitar-gigiyena normalarına uyğun olsun”.

“Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası Abşeron Rayon Komitəsinin sədri Ədalət  Nağıyeva işçilərə qayğının ən sadə forması ilə söhbətə başladı: - Rayonumuzda bizim sahə həmkarlar ittifaqları təşkilatının xidmətində olan idarə və müəssisələrdə əsas məqsəd müqavilə şərtlərinə əməl edilməsinə nail olmaqdır.

Etiraf etmək lazımdır ki, işçilərə əməyin mühafizəsi və təhlükəsiz iş şəraitinin yaradılması üçün işəgötürənlə həmkarlar ittifaqı arasında bağlanan kollektiv müqavilədə nəzərdə tutulan öhdəliklər bəzi hallarda işəgötürən tərəfindən tam icra olunmur, pozuntulara yol verilir. Belə ki, Federasiyanın mütəxəssisləri ilə birlikdə təşkilatlarda olarkən (Samur-Abşeron Kanalı İstismarı, Suvarma Sistemləri, Qobustan Qışlaqları Suvarma idarələrində) bəzi bəndlərin yerinə yetirilməsində nöqsanlara yol verilməsi müşahidə edilmişdir. Bilirsiniz ki, kənd təsərrüfatında işlər ilboyu gedir. Sahədə çalışanlara kifayət qədər iş yeri mövcuddur. Buna görə də həmin halların təcili aradan qaldırılması üçün, konkret müddət göstərilməklə, təqdimatlar verilmişdir. Toplanmış materiallar həmin idarələrin həmkarlar ittifaqları təşkilatı sədrləri və texniki təhlükəsizlik mühəndisləri tərəfindən birgə müzakirə olunmuş, lazımi qərarlar qəbul edilmişdir. Rayonumuzda Federasiyanın məsul işçilərinin iştirakı ilə dəyirmi masa keçirilmiş, iştirakçılara əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı materiallar, əyani vəsaitlər paylanmışdır.

“Əməyin mühafizəsi sahəsində gənc kadrların fəaliyyətinin artırılması; uşaq əməyi: reallıq və gələcək” mövzularına həsr edilmiş seminarlarda geniş diskussiyalar aparılmış, filmlər göstərilmişdir. Sanatoriya və istirahət evlərinə xeyli sayda yollayış verilmişdir.

Həmçinin zərərli iş yerlərində qadın əməyinin tətbiq edilməməsi, yaşı 18-dən az olan işçilərə qanunvericilikdə nəzərdə tutulan təminatların verilməsi, ildə bir dəfə müəssisənin hesabına bütün işçilərin tibbi baxışdan keçirilməsi rayon təşkilatının məclisində müzakirə edilmişdir.

Əhəd İBADOV