Kollektivimiz daha artıq qayğıya layiqdir


Baxıldı : 36

Tarix : 2017-09-16 00:53:28


Yazıma neftçıxarma və neft emalı sənayesində çalışanları peşə bayramı münasibətilə təbriklə başlamaq istəyirəm. Bu təbrikdən zavodumuzun həmkarlar ittifaqı komitəsinin əməkdaşları və fəallarına da düşür. Çünki komitəmiz və onun nəzdində olan komissiyalar elə zavodumuzun fəal ictimaiyyətçilərindən formalaşdırılıb.

Hər biri, necə deyərlər, istehsalatın zəhmət qoxulu havasında bərkiyib, həyatını qurub. Ona görə də komitəmizin əməkdaşları və komissiyalarımızın üzvləri işçilərin əmək və sosial qayğılarını, istək və arzularını yaxşı bilir. Bu bilik bizə imkan verir ki, həmkarlar ittifaqı olaraq, missiyamıza daxil olan məsələləri layiqincə yerinə yetirək.

Zavodda 3505 nəfər çalışır. Onlardan 1149-u zərif cinsin nümayəndəsidir. Rəqəmlərdən də göründüyü kimi, müəssisənin kollektivi say baxımından böyükdür. Həm də istehsalat mürəkkəb və çoxsahəlidir. Bu sayda işçinin hər birinin istisnasız qayğısına qalmaq, təbii ki, o qədər də asan deyil. Amma, təvazökarlıqdan kənar olsa da, komitəmiz bunun öhdəsindən gəlir. Komitənin nəzdində 7 daimi komissiya yaradılıb. Bunlar əmək qanunvericiliyinin tətbiqi, kollektiv müqavilənin hazırlanmasına və icrasına nəzarət, sosial-iqtisadi məsələlər, işçilərin əmək və sağlamlığının mühafizəsi, əmək münasibətləri, qadın problemləri, bədən tərbiyəsi və idman üzrə komissiyalardır. Komissiyaların adından da göründüyü kimi, komitəmizin müdaxiləsindən kənarda heç bir sahə, məsələ qalmamışdır.

Biz ilk növbədə çalışırıq ki, iş yerləri təhlükəsiz olsun, işçilər əməyin mühafizə vasitələri ilə təmin edilsinlər.

Avadanlıqların yararlılıq vəziyyəti də nəzarətimizdə saxlanılır. Yeri gəlmişkən deyim ki, əməyin mühafizəsinə dair fəaliyyətimiz zavodun müvafiq şöbəsi ilə birlikdə həyata keçirilir. Sexlərə qrafikə əsasən reydlər keçiririk. Nöqsanlar da aşkara çıxarırıq. Əksər hissəsini yerindəcə həll etmək mümkün olur. Düzdür, reydlər növbəti nöqsanların baş verməməsi baxımından da faydalıdır. Amma biz qabaqlayıcı tədbirlərə daha çox üstünlük veririk. Təbliğat, təşviqat, maarifləndirmə işləri aparırıq. Texniki təhlükəsizlik qaydalarının, təlimatların, eləcə də əmək, sosial hüquqların işçilərə öyrənilməsi məqsədilə keçirdiyimiz tədbirlərə müəssisənin mühəndisləri, hüquqşünasları da dəvət olunur.

Maarifləndirmədən söhbət düşmüşkən deyim ki, komitəmizin əməkdaşları və komissiya üzvləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin keçirdiyi seminarlarda, dəyirmi masalarda iştirak etməklə biliklərini artırır, digər həmkarlarının təcrübələrini öyrənirlər.

Zavodumuzda fəhlə kadrları hazırlığı da yüksək səviyyədədir. Bizim də iştirakımızla təkcə son vaxtlarda 345 nəfər işçinin ixtisası artırılmışdır. Kompleks tədbirlər nəticəsində 1592 işçinin, o cümlədən 338 qadının əmək şəraiti yaxşılaşdırılmışdır.

İlboyu HİK üzvləri sağlamlıq ocaqlarına müalicəyə, yay aylarında isə istirahət mərkəzlərinə dincəlməyə göndərilirlər. İşçilərin yubiley yaşının, dövlət, dini, milli bayramların, peşə gününün, eləcə də 8 Mart Beynəlxalq Qadınlar Gününün təntənəli qeyd olunması artıq ənənə halını alıb. Zavodumuzda bədən tərbiyəsinin kütləviləşdirilməsi də qarşımıza qoyduğumuz vacib məsələlər sırasındadır. Bir çox idman növü üzrə komandamız var. Onlar spartakiadalarda uğurla çıxış edirlər.

Müdiriyyətlə həmkarlar ittifaqının sıx əməkdaşlığının, anlaşıqlı fəaliyyətinin nəticəsidir ki, işçilərin aylıq əməkhaqqı ildən-ilə artır. Hazırda orta aylıq əməkhaqqı 795 manat 20 qəpikdir. Fədakar kollektivimiz bundan da artığına layiqdir.

 

İlham QULİYEV,

Heydər Əliyev adına Neft Emalı Zavodunun Həmkarlar İttifaqı Komitəsinin sədri