Kollektivlərin doğmasına çevrilmək üçün


Baxıldı : 571

Tarix : 2020-01-31 16:10:20


Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin yaranmasından çox qısa bir vaxt - cəmi təxminən 5 ay keçir. Təvazökarlıqdan kənar olsa da, deyim ki, təşkilatımız elə təsis olunduğu günlərdən başlayaraq, əməli fəaliyyəti ilə öz mövcudluğunu sahənin işçiləri arasında göstərməyə nail oldu. Nazirliyin bütün strukturlarında, müəssisələrində, idarələrində kollektivlərin ümumi yığıncaqları keçirildi. İlk təşkilatlar yaradıldı və onlar könüllü olaraq Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə üzvlük barədə qərar qəbul etdilər. Hazırda komitə ilə ilk təşkilatlar arasında sıx, bərabərhüquqlu əlaqələr var. Komitə üzv təşkilatlarına metodiki və əməli köməklik göstərir. Onları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qərarları, tövsiyələri, eləcə də qanunvericilik sənədləri, bu sənədlərə olunan əlavə və dəyişikliklərlə tanış edir. Komitənin xüsusi diqqət yetirdiyi, başqa sözlə ilk təşkilatların qarşısına qoyduğu tələblərdən biri, daha doğrusu başlıca olanı işəgötürənlərlə kollektiv müqavilələrin bağlanmasıdır. Bu sənədin əhəmiyyəti, hazırlanarkən vacib sayılan məsələlərin ön plana çəkilməsi, icrasına nəzarət prosedurları və sair barədə tövsiyələr hazırlanıb yerlərə göndərilib. Əmək müqavilələrinə pozuntulara yol vermədən əməl olunması da həmkarlar ittifaqlarının diqqətdə saxladığı mühüm məsələlərdəndir.

Biz həmkarlar ittifaqı təşkilatı olaraq, ortaya çıxan problemlərin tərəfdaşlarımızla dialoq nəticəsində həllinin tərəfdarıyıq. Belə olduqda həm işçinin, həm də işəgötürənin hüquqları təmin edilir.

Fəaliyyətimizin böyük bir hissəsi üzvlərin istirahətinin, əyləncəsinin, sağlamlığının bərpasının təşkili ilə bağlıdır. Komitə təsis olunduğu vaxtdan bəri 400 nəfərə yaxın sahə işçisini turpaketlərlə təmin etmişdir. Onlar həmkarlar ittifaqı komitəsinin maliyyə və təşkilatçılıq dəstəyi ilə Qəbələ, Şamaxı, Quba, Qusar və digər rayonlarda kollektiv şəkildə dincəlmişlər. 50 nəfər işçiyə müalicə almaq üçün sanatoriyalara yollayışlar verilmişdir. Yeri gəlmişkən deyim ki, yollayışlar verilərkən həm coğrafiya, həm həkim arayışı, həm də növbəlilik nəzərə alınmışdır.

Biz üzvlərimizin intellektual səviyyəsini, mənəvi tələbatlarını da diqqətdə saxlayırıq. Bakı şəhərində çalışan üzvlərimizə Rəşid Behbudov adına Mahnı Teatrında, Gənc Tamaşaçılar Teatrında nümayiş edilən konsert və teatr-tamaşalarına pulsuz biletlər alınıb paylanmışdır. Nazirliyin mərkəzi aparatında, daha bir neçə kollektivdə xarici dil kursları açılmışdır.

Xüsusilə gənclərimiz kütləvi idmana cəlb olunurlar. İdmanın ayrı-ayrı növləri üzrə AHİK-in və komitəmizin keçirdiyi yarışlarda sahə işçiləri fəal iştirak edir və yaxşı nəticələr göstərirlər. Qeyd edim ki, belə yarışlar işçilərimizin fiziki, intellektual inkişafına yardım göstərir, həm də onların arasında dostluq münasibətlərinin yaranmasına, bütövlükdə əmək məhsuldarlığının daha da yaxşılaşmasına səbəb olur.

 

Ramiz TƏHMƏZOV,

Kənd Təsərrüfatı Nazirliyinin

 Birləşmiş Həmkarlar İttifaqı

Komitəsinin Rəyasət Heyətinin üzvi