Komanda hesabında ikinci olublar


Baxıldı : 109

Tarix : 2018-03-09 23:52:04


İran İslam Respublikasının Mazandaran vilayətinin  Behşəhr şəhərində Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçirilib. 

Gürcüstan, Rusiya, Ermənistan və İran komandalarının iştirak etdiyi turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri də yer alıb. Güləşçilərimiz turniri 2 qızıl, 1 gümüş və 5 bürünc medalla başa vurub.

Davud İbrahimov (70 kq.) və Orxan Abbasov (79 kq.) bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıblar. Yalnız final görüşündə uduzan Alimaqomed Alixmayev (97 kq.) gümüş medalla kifayətlənib.

Ən aşağı çəki dərəcəsində Əsgər Məmmədəliyev (57 kq.) bürünc medal qazanıb, həlledici görüşdə güləşçimiz Ermənistan təmsilçisindən üstün olub. Digər bürünc medalları isə yığmamıza Elmar Kazımov (65 kq.), İsmayıl Abdullayev (74 kq.), Asxab Həmzətov (92 kq.) və Rahid Həmidli (125 kq.) qazandırıb.

Komanda hesabında yığmamız ikinci nəticə göstərib.

Qeyd edək ki, Asxab Həmzətov “Pəhləvan” İdman Klubunun yetirməsidir.

AZƏR