Komissiyanın növbəti iclası oldu


Baxıldı : 48

Tarix : 2018-11-03 05:12:39


Oktyabrın 25-də Rusiyanın paytaxtı Moskva şəhərində Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) Əməyin Mühafizəsi, Ekologiya, Sağlamlıq və Sosial Təminat Məsələləri üzrə Komissiyasının iclası olmuşdur. Tədbirdə əvvəlcə təşkilati məsələyə baxıldı. Komissiyanın üzvlərinin sayı 44 nəfərdən 30 nəfərə qədər azaldıldı. 19 nəfər üzv yeniləri ilə əvəz edildi. Azərbaycandan komissiya üzvlərinin sayı daha iki dəfə artırıldı. Azərbaycan Həmkarlar  İttifaqları Konfederasiyasının  sədr müavini Cavanşir Alxasov, “Elektroprofsoyuz” Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin sədri Vasiliy Bondarev və Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru Aleksandr Safonov komissiyaya həmsədr seçildilər.

ÜHİK-in İcraiyyə Komitəsinin noyabırın  1-də keçirilməsi nəzərdə tutulmuş iclasına “Region ölkələrinin vətəndaşlarının pensiya təminatı, üzv ölkələrin qarşılıqlı fəaliyyət təcrübəsi, qanunverici orqanların icra hakimiyyəti tərəfindən bu problemlərin həlli barədə” məruzə müzakirəyə çıxarıldı. Sonra “Bir sıra MDB ölkəsində və Gürcüstanda pensiya islahatlarının aspektləri”, “Rusiyada pensiya sisteminin inkişaf perspektivləri”, “Avroaziya iqtisadi ittifaqı məkanında işçilərin pensiya təminatının inkişaf perspektivləri” mövzularında məruzələr dinlənildi.

Gündəlikdə duran digər bir məsələ - “Müasir mərhələdə əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti”nə dair təqdimat ətrafında  fikir mübadiləsi edildi. İclasda ÜHİK- in VII qurultayından  ötən 5 il müddətində aparılan işlər barədə də məlumat verildi.

İclasda Cavanşir Alxasov “ Azərbaycan həmkarlar ittifaqlarının strategiyası - sağlam və təhlükəsiz iş şəraitinin təkmilləşdirilməsinə doğru” mövzusunda çıxış etdi. O, əvvəlcə ÜHİK-in müvafiq departamentinin əməkdaşlarına əməyin mühafizəsi və humanitar problemlərin həllində göstərdikləri informasiya və metodiki dəstəyə görə minnətdarlığını bildirdi. Dedi ki, 2016- cı ildə AHİK-in təşəbbüsü ilə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılıb. Komissiya sosial və iqtisadi problemlərin qanunvericilik səviyyəsində həllinə yardımçı olur. İndiyə qədər bu qurum  qanun və normativ aktlara çox sayda düzəliş hazırlayıb Nazirlər Kabinetinin və parlamentin müzakirəsinə verib. Təkcə Əmək Məcəlləsinə edilən düzəlişlərin sayı 330-dan çoxdur. Bunların da 12,7 faizi əməyin mühafizəsinə aiddir.

C. Alxasov çıxışında həmkarlar ittifaqının layiqli əməklə bağlı dövlət proqramının müddəalarının həyata keçirilməsi istiqamətində gördüyü işlərdən danışdı. Qeyd etdi ki, təşkilatımız fəaliyyətində maarifləndirmə işinə də geniş yer ayırır. Təkcə son 5 ildə həmkarlar ittifaqı təşkilatı 870 zona seminarı keçirmişdir. Seminarlara rayon, şəhər komitələrinin , ilk təşkilatların, əməyin mühafizəsi üzrə komissiyaların sədrləri dəvət edilmişdilər. Bütövlükdə iştirakçıların sayı 27090 nəfər olmuşdur.

Natiq əməyin mühafizəsi ilə bağlı digər məsələlərə də toxundu, təkliflərini səsləndirdi. Onun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Sonda komissiya üzvləri müvafiq qərarlar qəbul etdilər.