Konfrans kommunikasiya vərdişlərinin yaxşılaşdırılmasına həsr olunmuşdu


Baxıldı : 76

Tarix : 2019-01-07 05:09:05


Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq Əmək Təşkilatının (BƏT) əməkçilərin fəaliyyəti üzrə Bürosunun (ACTRAV) təşkilatçılığı ilə “Şərqi Avropa və Mərkəzi Asiya həmkarlar ittifaqları üçün kommunikasiya vərdişlərinin yaxşılaşdırılması” mövzusunda subregional konfrans keçirilib.

Konfransın proqramına informasiya fəaliyyətində kommunikasiya vasitələrinin düzgün istifadə edilməsi, informasiya kampaniyalarının planlaşdırılması və təşkili, həmkarlar ittifaqı təşkilatlarının ictimaiyyətlə qarşılıqlı əlaqələrinin strategiyalarının işlənib hazırlanması və realizə edilməsi, press-relizlərin hazırlanması qaydaları, KİV nümayəndələri ilə əməkdaşlığın müasir metodları, həmkarlar ittifaqı xəbərlərinin geniş ictimaiyyətə çatdırılmasında informasiya texnologiyalarının tətbiqi və digər məsələlər daxil idi.

Konfransın açılışında çıxış edən Gürcüstan Həmkarlar İttifaqları Birliyinin sədri, BHİK-in vitse-prezidenti, Pan Avropa Regional Şurasının prezidenti İrakli Petriaşvili vurğuladı ki, hazırkı konfrans təcrübə mübadiləsi aparmaq, ictimaiyyətin daha yaxşı məlumatlandırılmasına, əmək sferasında beynəlxalq standartlara riayət olunmasına kömək edən kommunikasiya vasitələrinin müəyyən edilməsi üçün yaxşı imkandır.

BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Bürosunun  təmsilçisi Sergius Qlovatskas çıxış edərək bildirdi ki, həmkarlar ittifaqları kommunikasiya işini gücləndirməklə, geniş əlaqələrə, ünsiyyətə üstünlük verməklə daha da güclü olur. Konfrans iştirakçılarının nəzərinə çatdırdı ki, “Növbəti mərhələdə, BƏT-in 100 illik yubileyi ilində bu qurumun 10 prioriteti nəzərdə tutulub. Bunlar insanlar üçün daha layiqli iş yerlərinin təmin edilməsi, sosial müdafiə və layiqli əmək, sağlamlıq, təhlükəsiz iş yerləri, qeyri-leqal məşğulluqla mübarizə və sairədir. Bu məqsədlərə çatmaq üçün kommunikasiya strategiyalarının olması çox vacibdir.

Açılışda digər çıxışlar da dinlənildi.

Bu sətirlərin müəllifinin də iştirakçısı olduğu üçgünlük konfransda kommunikasiya mənsubları onlayn-əlaqə (veb-səhifələr, sosial şəbəkələr) vasitələrinin tətbiqində maarifləndirici nəticələrə yiyələndilər, sosial şəbəkələrdə reklam kampaniyalarının, mətbuat konfranslarının təşkili, multimedia vasitələrinin istifadəsi məsələlərini müzakirə etdilər, həmkarlar ittifaqının fəaliyyətində daxili kommunikasiyaların əhəmiyyətinə və digər mövzulara toxundular.

Konfrans çərçivəsində iştirakçılar üçün Gürcüstanın “İMEDİ” Televiziya Şirkətində və digər kütləvi informasiya vasitələrində tanışlıq görüşləri təşkil edildi.

   

Nazim AĞAMİROV,

AHİK-in Mətbuat və ictimaiyyətlə

 əlaqələr şöbəsinin müdiri