Konfrans sosial müdafiə və dayanıqlı inkişafa həsr olundu


Baxıldı : 31

Tarix : 2019-07-08 07:34:21


İyulun 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT)  təşkilatçılığı ilə “Sosial müdafiə və dayanıqlı inkişaf” mövzusunda konfrans keçirilib.

Nazir müavini Mətin Kərimli konfransı giriş sözü ilə açaraq Azərbaycanın bu sahədə inkişaf edən ölkələr arasında üçüncü yeri tutduğunu deyib.

O, dövlət başçısının rəhbərliyi ilə bu ilin mart və aprel aylarında həyata keçirilən sosial islahatların gedişi barədə məlumat verib. Həmin tədbirlərin ümumən ölkəmizin 4,2 milyon vətəndaşını əhatə etdiyini, 10 min nəfəri əhatə edən özünüməşğulluq proqramları, pensiyaların minimum məbləğinin təkcə bu il ərzində 93 faiz, 750 min nəfəri əhatə edən pensiyaların minimum məbləğinin 72 faiz artırılmasını, eləcə də müavinət və təqaüdlərin məbləğinin artırılmasını sosial-iqtisadi inkişafı şərtləndirən əsas amillərdən olduğunu söyləyib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxış edərək təmsilçisi olduğu qurumun ölkə başçısının son bir neçə ayda əhalinin sosial rifahı naminə imzaladığı fərman və sərəncamları alqışladığını, dəstəklədiyini söylədi. Bildirdi ki, bu gün burada müzakirə edəcəyimiz mövzu milli sosial siyasətimizin ümumi məqsədləri, beynəlxalq əmək standartları və sosial müdafiə arasında əlaqələrin yaradılmasına və uğurla davam etdirilməsinə yardım edəcəkdir. Məqsədimiz  dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq cəmiyyətin yeniləşməsində və inkişafında elmin, iqtisadiyyatın, sosial institutların rolunun artırılması, kreativ yanaşmaları dəstəkləmək, yeni çağırışlar ətrafında müzakirələr aparmaq, qazanılan bilikləri təbliğ etməkdir.

Cavanşir müəllim dedi, Azərbaycan həmkarlar ittifaqları ilk növbədə əməyin gələcək sferasında layiqli həyatı təmin edən dayanıqlı sosial-iqtisadi inkişafda, işçilərin sosial müdafiəsinə yönəldilmiş layiqli iş yerlərinin yaradılması əsasında iqtisadiyyatın modernləşdirilməsinin konkret istiqamətlərinin işlənib hazırlanmasında fəal iştirak etmək niyyətindədir.

Məlumat üçün deyim ki, AHİK-in də üzvü olduğu, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada “Əməyin gələcəyi” təşəbbüsü üzrə geniş müzakirələr keçirilir. Xüsusilə davamlı insan inkişafının təmin edilməsi məsələsi milli səviyyədə müzakirələrin mərkəzində dayanır.

Son illər BƏT-in texniki dəstəyi ilə AHİK tərəfindən “Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri”, “Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri”, “Dayanıqlı sosial inkişaf naminə  layiqli əmək”, “Regionda həmkarlar ittifaqı üçün Dayanıqlı İnkişaf Məqsədlərində layiqli əmək üzrə BƏT proqramının qiymətləndirilməsi” və s. mövzularda keçirilən regional seminarlarda, konfranslarda iştirakçılara onların əmək və sosial hüquqları, işəgötürənlərlə dialoqun qurulması kimi məsələlər barədə tövsiyələr verilmişdir.

Tədbirdə həmçinin Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, məşğulluq üzrə mütəxəssis Veşna Bişeva, BƏT-in Bakı ofisinin milli əlaqələndiricisi Yaşar Həmzəyev, Layiqli Əmək üzrə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin sosial müdafiə üzrə mütəxəssisi Jasmina Papa çıxış ediblər.

Konfransda sosial müdafiədə əməyin rolu, dayanıqlı sosial müdafiə sisteminin qurulması, sosial müdafiə sahəsinə ayrılan investisiyalar, eyni zamanda innovativ tətbiqetmələr vasitəsilə sosial müdafiənin idarəedilməsi kimi məsələlər əsas müzakirə mövzusu olub.

Sonra konfrans öz işini sessiyalarla davam etdirib.