Konvensiyanın ratifikasiyası problemləri aradan qaldıracaq


Baxıldı : 90

Tarix : 2019-02-04 04:29:57


Tailandda balıqçılıq sənayesində çalışanların hüquqlarının qorunması və çalışma şəraitinin yaxşılaşdırılması ilə bağlı hökumətlə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında razılaşma əldə olunub. Tailand hökuməti balıqçılıq sənayesi ilə bağlı 188 saylı konvensiyanı ratifikasiya edib. Konvensiya balıqçıların gəmilərdəki həyat və çalışma standartlarının yüksəldilməsi və hüquqlarının müdafiəsini əhatə edir. Buraya təhlükəsizlik tədbirlərinin  BƏT standartlarında təminatı, dənizdə və quruda tibbi yoxlama,  istirahətin təşkili, sosial sığortanın  düzgün tətbiq olunması və sair daxildir. Konvensiyanın ratifikasiyası yerli və miqrant işçilərin çalışması ilə bağlı yaranan sənədləşmə problemini  aradan qaldıracaq.

BƏT-in baş katibi Qay Rayder Tailand hökumətinin balıqçılıq sənayesinə xüsusi önəm verməsini təqdirlə qarşılayıb. O qeyd edib ki, konvensiyanı ratifikasiya edən ilk ölkələrdən biri Tailanddır: “ Bu, bölgə üçün örnək bir addımdır. Xüsusilə BƏT-in 100 illiyində daha çox konvensiyanın ratifikasiyasını hədəfləmişik. Asiya ölkələrində də ratifikasiyaların tətbiqində onlara dəstəyimizi davam etdirəcəyik.

BƏT-in Avropa Birliyi tərəfindən maliyyələşdirilən  Sahil Xətti Gəmisi Layihəsi Tailandda balıqçılıq sənayesində  standartların yüksəldilməsinə, işə götürən və həmkarlar təşkilatlarına dəstək verəcək.