Koronavirus qidalar vasitəsilə  insan orqanizminə keçə bilərmi?


Baxıldı : 224

Tarix : 2020-09-25 18:51:59


İnformasiya vasitələrində verilən məlumata görə, Rusiyanın müxtəlif bölgələrində su və qida məhsullarında koronavirus aşkar edilib.  Buna görə ölkənin bütün bölgələrində  su və qida məhsullarında koronavirus infeksiyasının mövcudluğuna dair araşdırmalara başlanılıb.

Belə bir informasiyanın ortaya çıxması digər dövlətlərdə də, o cümlədən Azərbaycanda da müvafiq məhsulların bazara çıxarılmasından əvvəl ciddi analiz olunması tələbini qoyur. Bu tələb ölkəmizdə necə həyata keçirilir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycanda koronavirusun qida vasitəsilə insanlara keçməsi hələ tam təsdiqini tapmayıb. Lakin bu, o demək deyil ki, bizdə bu hallar baş verməyəcək. Çünki,  bu xəstəlik uzun müddətdir bizimlədir. Lakin hər gün yeni bir xüsusiyyəti meydana çıxır. Hazırda bütün dünya alimləri virusla bağlı araşdırmalar aparır.  Hətta görkəmli alimlərin belə, bu haqda əvvəlcədən verdikləri proqnozlar yanlış çıxdı. Buna görə də vətəndaşlarımızın hər zaman diqqətli olması lazımdır. Demək olar ki, dünyanın bütün ölkələrində  COVID-19 virusu var. Azərbaycana da bir çox ölkələrdən mallar, məhsullar idxal olunur. Həm yerli, həm də xaricdən gətirilən ərzaq məhsulları xüsusi laboratoriyalarda yoxlanılmalı, sonra satışa çıxarılmalıdır. Virusun ərzaq vasitəsilə yayılması ehtimalı çox böyükdür. Bütün hallarda  ərzaq məhsullarını, hətta açıq şəkildə satılan bişmiş ərzaqları alarkən də ehtiyatlı olmaq lazımdır. 

Ekspert onu da qeyd etdi ki, bazarlarımızda qaydalara riayət olunmaması ilə bağlı bizə xeyli şikayətlər daxil olur. Şikayətlərə əsasən, 17-20 sentyabr tarixlərində respublikanın qərb rayonlarında yerləşən bazarlarda monitorinq apardım. 3 gün ərzində Gədəbəy bazarında bir nəfər də maskadan istifadə edən şəx görmədim. Satıcıların da virus daşıyıcısı olması istisna deyil. Virus göyərti, meyvə vasitəsilə digər insanlara keçə bilər. İnsanlar satılan məhsullara toxunub ağızlarına, burunlarına əl vurmasınlar. Virus burun dəliyi  ilə daha çox yayılır. Mütləq alınan məhsulların üzərinə su axıdılmalıdır. Bazarlarda satılan meyvə-tərəvəzlərin də çox böyük təhlükəsi ola bilər. Xüsusən də  mal alarkən çox diqqətli olmaq lazımdır və mütəq aldığınız məhsulları qaynar sudan keçirməlisiniz.

“Ümumiyyətlə, bazarlarda çox ciddi nəzarət tətbiq edilməlidir.  Ən əsası satıcılar vəziyyətin ağırlığını dərk etməli, gigiyena qaydalarına əməl etməlidirlər.  Vəziyyət tezliklə nəzarətə götürülməzsə bazarlar elə əsl virus qaynağı ola bilər”,- deyə  E.Hüseynov bildirdi.

Qida Təhlükəsizliyi Agentliyinin verdiyi məlumata əsasən, isə  yaranmış vəziyyətlə əlaqədar gücləndirilmiş iş rejimində çalışırlar. İnstitutun laboratoriyaları hazır vəziyyətə gətirilib.  Ehtiyac yaranarsa, institutun laboratoriyalarında qidalarda virusun olub-olmadığını qısa müddətdə müəyyən etmək mümkündür.

Agentlikdən onu da bildirdilər ki, yeməklərin saxlanılması və bişirilməsi ilə bağlı bəzi gigiyenik qaydalara əməl etmək vacibdir. Yemək bişirməzdən əvvəl əllərimizi və qidaları yaxşıca yumalıyıq. Bunun üçün dezinfeksiya edici maddələrdən istifadə etmək vacib deyil. Çiy qidalar ilə bişmiş qidaları bir -birindən ayrı tutmaq lazımdır. Bişirmə prosesi virusları məhv etdiyi üçün yeməkləri 72 dərəcədə bişirmək faydalıdır.  Lakin virus qorxusu ilə qidanı uzun müddət yüksək temperaturda  bişirməkdən çəkinməliyik. Çünki çox bişirdikdə qidaların tərkibindəki vitaminlər yox olur.

Gülöyşə MƏMMƏDLİ