Kredit dəstəyi imkanları artıra bilər


Baxıldı : 49

Tarix : 2017-10-20 17:44:04


Beynəlxalq Əmək Təşkilatı (BƏT) məhsuldarlığın və keyfiyyətin artırılması üçün kiçik və orta müəssisələrə bank kreditinin ayrılmasını təklif edib. Qeyd olunub ki, kapitalının əsasını bank kreditləri təşkil edən müəssisələr daha yüksək əməkhaqqı təyin edə, həmçinin imkanlardan yararlanaraq qazancı artıra bilərlər.

"Hazırda kiçik və orta müəssisələr istehsal və xidmət bazarında, həmçinin tikinti sektorunda bankların maliyyə dəstəyi ilə böyümə imkanları var. Bu isə öz növbəsində yeni iş yerlərinin açılması deməkdir". Bu sözləri BƏT-in siyasət üzrə direktoru Debora Qrinfild deyib. O vurğulayıb ki, bir çox hallarda banklardan kiçik müəssisələr kredit ala bilmir, onlara yüksək faizli kreditlər təklif olunur: "İnkişaf etmiş ölkələrdə kiçik və orta müəssisələrə müəyyən güzəştlər nəzərdə tutulur. Məsələn, Almaniyada kiçik biznes müəssisələrinin dəstəklənməsi üçün fondlar fəaliyyət göstərir. Burada qadın, miqrant və işsizlərin qazancla bağlı planları dəstəklənərək onlara kredit və yardımlar ayrılır. Cənubi Koreyada isə bu müəssisələrə qoyulan vergilər azaldılır, daha böyük şirkətlərin onlarla əməkdaşlığına imkanlar yaradılır, maliyyə vəsaiti ayrılır. İdarəetmədə korrupsiya və digər problemlərlə üzləşən dövlətlərdə isə kiçik və orta müəssisələrin fəaliyyəti düzgün dəstəklənmədiyindən müxtəlif sektorlar vahid güclərin əlində cəmləşməyə başlayır.

Cavid SƏFƏROV