Kreditorların ləğvetmə komissiyasına müraciət etməsi üçün müddət müəyyən olunubmu?


Baxıldı : 28

Tarix : 2018-11-08 06:21:08


 

Kreditorların ləğvetmə komissiyasına müraciət etməsi üçün müddət müəyyən olunubmu?

 

Kərim MUSAYEV,

Bakı şəhəri.

- Bəli, bu məsələ ilə bağlı Mülki Məcəllənin 61.1. maddəsi ilə dəqiq müddət müəyyənləşdirilibdir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi  gündən etibarən 60 gündən az ola bilməz. İlk məlumat isə Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ləğvetmə komissiyası təyin olunduğu gündən sonra 10 gün müddətində dərc edilən məlumat hesab edilir.

 

Əmək Məcəlləsində qaçqın və ya  məcburi köçkün statusu olan şəxslərə hansısa güzəşt, yaxud üstünlük nəzərdə tutulmuşdurmu? Məcburi köçkünlərə ixtisar zamanı güzəştlər varmı?

 

Əsli MEHDİYEVA,

Bakı şəhəri.

- Əmək Məcəlləsində qaçqın və ya  məcburi köçkün statusu olan şəxslər üçün olan güzəştləri nəzərinizə çatdırırıq. Məcəllənin 48-ci maddəsinin 3-cü hissəsinə görə, məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan şəxslərlə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanıla bilər.

Həmin Məcəllənin 78-ci maddəsinə əsasən, məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslər işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər hesab edilirlər.

66-cı maddənin tələbinə görə isə, bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olanlar attestasiya olunmayan işçilər sırasına daxil edilir və onların attestasiyası keçirilmir.

 

İşləyən əlillər yaşa görə əmək pensiyası hüququ qazandıqda pensiya növünü seçərək əlillik pensiyasının əvəzinə yaşa görə pensiyaya keçir. Bu halda onun əlilliyə görə imtiyazlarının (yəni 36 saatlıq iş həftəsi, 42 günlük məzuniyyət, vergi güzəştləri, sağlamlığına münasib iş şəraiti ilə təmin olunması və sair) ləğv olunması nə dərəcədə düzgündür? Əlil insanın qüsuru yaşa görə pensiyaya çıxdıqda bərpa olunurmu?

Qənimət RZAYEVA,

Gəncə şəhəri.

- Əlilliyə görə əmək pensiyası sığortaolunanın (işçinin) xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli, psixi və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir.

Əlillik qrupları, əlilliyin səbəbləri, habelə onların başvermə müddətləri TSEK tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilir. TSEK-in rəyi ilə əlillik ya ömürlük, ya da müvəqqəti, yəni müəyyən müddətə təyin olunur. Sorğunuzda Sizin əlilliyinizin ömürlük və ya müvəqqəti olması haqda məlumat yoxdur. Lakin izah edirik ki, “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq pensiyaçı öz arzusu ilə pensiyanın növünü müəyyənləşdirir. Belə ki, Qanunun 5-ci maddəsinə əsasən, müxtəlif pensiya hüququ (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Lakin təyin edilmiş pensiya pensiyaçının ərizəsi əsasında müvafiq sənədləri təqdim etməklə əmək pensiyasının bir növündən başqa növünə keçirilə bilir. Yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə burada istisna təşkil edir.

Pensiyanın növünün dəyişdirildiyi halda “Əmək pensiyaları haqqında” qanunla müəyyən edilmiş qaydada pensiya yenidən hesablanıb verilir.

Lakin işləyən əlillərə Əmək Məcəlləsində, Vergi Məcəlləsində və s. müəyyən imtiyaz və güzəştlər nəzərdə tutulur ki, bu da əlillik müddəti üçün məqbul sayılır. Belə ki, əlillik ömürlükdürsə, onda yuxarıda qeyd etdiyimiz qanunvericilik aktlarında nəzərdə tutulmuş imtiyaz və güzəştlər saxlanılır, yox, əgər müəyyən müddətə təyin edilmişsə, həmin müddətin sonunda imtiyaz və güzəştlərə də son qoyulur.

Çünki: əlil pensiyaçı yaşa görə əmək pensiyası növünə keçsə də, əlillik ona ömürlük təyin olunmuşsa, deməli, həmin şəxsin fiziki və ya əqli qüsurları da ömürlükdür.

Əlillik müvəqqəti, yəni müəyyən müddətə təyin olunmuşsa və yenidən bir daha təyin olunmursa, deməli, TSEK-in gəldiyi rəyə əsasən, əlilin fiziki və ya əqli qüsurları bərpa olunub. Bu halda qanunvericiliyin əlillər üçün nəzərdə tutduğu güzəşt və imtiyazlar ləğv edilir.

 

Özəl şirkətə işə düzəlirəm. Eşitdiyimə görə, əmək müqaviləsində şirkət haqqında da məlumatlar olmalıdır. Bilmək istəyərdim, müqavilədə şirkət haqqında hansı məlumatlar olmalıdır?

 

Aytəkin SƏMƏDLİ,

Sumqayıt şəhəri.

 

- Sualınızdan aydın olur ki, Siz hüquqi şəxs statuslu şirkətdə işə düzəlmək istəyirsiniz. Əvvəllər belə şirkətlər haqqında əmək müqaviləsində heç bir məlumat tələb olunmurdu. Lakin 2013-cü ildə Əmək Məcəlləsinin 43-cü maddəsinə müəyyən dəyişikliklər edildi. Dəyişikliyə əsasən, işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı müqavilədə göstərilməlidir.

İşəgötürən fiziki şəxs olduqda  isə müqavilədə mütləq onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı  göstərilməlidir.