Kulturoloji ustad dərsi: “Kamilliyə aparan yol” 


Baxıldı : 46

Tarix : 2019-06-07 12:15:21


Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Azərbaycan Mədəniyyət Assosiasiyası və “Simurq” Kulturologiya Mərkəzi tərəfindən “Kulturologiya və davamlı inkişaf” layihəsi çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında “Kamilliyə aparan yol” mövzusunda kulturoloji ustad dərsi keçirilib.

Ustad dərsində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİ RK) sədri Cəmilə Səttarova və qurumun əməkdaşları iştirak edib.

Dərsin məqsədi mütəxəssislər və gənclərin sistemli kulturoloji təfəkkürü və intellektual yaradıcı fəaliyyətlərinin inkişafına, yeni universal biliklərin, kulturoloji metodologiya, tədqiqat, tədris və idarəçilik metodlarının mənimsənilməsinə kömək göstərməkdən ibarətdir.

Ustad dərsi çərçivəsində hazırlanmış təqdimat mədəniyyət və kulturologiya, etika və psixologiya, təfəkkür və davranış, əmək və idarəetmə mədəniyyəti anlayışlarını açıqlayan, şəxsiyyətin kamilləşmə, düzgün qərar qəbuletmə, nəticəli dialoq aparmaq və zamanın çağırışlarına ağıllı cavab vermək qabiliyyətini formalaşdıran 60-dan çox slayddan ibarətdir. Özünüidarə dərsi universal biliklər və təcrübə, xeyirxahlıqlar və müdriklik, səmərəli əmək texnologiyaları, düzgün tərbiyə, layiqli davranış, yüksək təşkiletmə və idarəetmə, insan və beynəlxalq münasibətlər mədəniyyəti ilə şərtlənən uğurlu həyat və fəaliyyətin sirlərini açıqlayır.

Rəqabətədözümlü insan kapitalı və yüksəkmədəniyyətli insan cəmiyyətinin formalaşması və inkişafı, əhalinin sosial aktivliyinin, peşəkar insan fəaliyyətinin bütün sahələrində əmək mədəniyyəti və məhsuldarlığın artırılması üçün mühüm praktiki əhəmiyyət kəsb edir.

Dərsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, Mədəniyyət Assosiasiyasının və “Simurq” Kulturologiya Mərkəzinin rəhbəri Fuad Məmmədov keçib.

Sonda “Simurq” Kulturologiya Mərkəzinin rəhbəri F.Məmmədov MİHİ RK-nın sədri Cəmilə Səttarovaya və RK-nın ən fəal əməkdaşlarına, həmçinin AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynova  sertifikatlar təqdim edib.

Azər MUSTAFAYEV