Kurikulumun tam mənimsənilməsini istəyiriksə


Baxıldı : 82

Tarix : 2020-03-06 17:24:35


Son vaxtlar, artıq 12 ildir, Azərbaycan təhsilində tətbiq olunan kurikulum sisteminin özünü doğrultmadığı barədə fikirlər səslənməkdədir. Qəzetimizin müxbiri bu mübahisəli iddialara münasibət bildirmək üçün təhsil üzrə ekspert Kamran Əsədova və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilova müraciət edib.

Kamran müəllim əvvəlcə “kurikulum” sözünün  mahiyyəti və təhsil sisteminin hədəflərinin qısa izahını verdi: “İlk növbədə qeyd edim ki, “Kurikulum” Azərbaycan təhsil sisteminə 1990-cı illərdə yeni pedaqoji termin kimi daxil olub. Mənası  latın dilində “yol”, “istiqamət” deməkdir. Daha sonralar elm və təhsil sahələrində xüsusi termin kimi işlənməyə başlandı. Amma 2008-ci ildən etibarən Azərbaycanda  orta məktəblərdə tədris kurikulum standartlarına uyğun olaraq həyata keçirilməyə başlayıb. Bu o deməkdir ki, 2008-ci ildən etibarən müəllimlər, müasir standartlara uyğun olaraq, yeni alətlərdən istifadə etməli idilər. Amma Dövlət İmtahan Mərkəzi tərəfindən 2017-ci ildə IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticəsindən məlum oldu ki, hazırda 4472 orta məktəbimizdə dərslər dövlətin tələb etdiyi standartlara uyğun olaraq həyata keçirilmir. Göründüyü kimi, təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən bu sənədlər toplusu təhsil ideyamıza çevrilə bilmədi”.

Kamran müəllim son günlər sosial mediada “Kurikulum ləğv edilsin” deyən mütəxəssislərin fikirlərini belə dəyərləndirdi:

“Mənə görə proqram qayət doğrudur. Lakin icrasında hansısa problemlər var və bu da həll olunmalıdır. Bu sistemin bu cür olmasının yeganə səbəbi məktəbdə keçirilən təfəkkür yönümlü tədrisin son nəticədə qiymətləndirilməsinin düzgün aparılmamasıdır. Həyatı bacarıqlara, praktiki biliklərə söykənən dərsi keçən müəllimin şagirdi qəbul imtahanında sadəcə bilikdən imtahan verir. Bunu da görən müəllim valideynin tələbinə cavab vermək üçün dərslikləri kənara atıb ənənəvi bilik yüklü dərsə üz tutur. Bu da ona gətirdi ki, kurikulum özünü doğrultmadı”.

Qeyd etdi ki,  kurikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çox ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Halbuki kurikulum dünyanın mükəmməl, inkişaf etmiş ölkələrində qəbul edilən təhsil üsullarından biridir. Kurikulum qiymətləndirmə, şəxsiyyətlilik və sair baxımından kifayət qədər üstünlüyə malikdir.

 -Ümumiyyətlə, bu sistem ümumtəhsil məktəblərində düzgün tətbiq olunurmu?

- Geridə qoyduğumuz 11 il ərzində müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istifadə etməli idilər. Amma 20 il ərzində müəllimlər ənənəvi test tapşırıqlarını və dərsi necə tətbiq etməyi öyrəniblər və onlar bunu necə mənimsəyiblərsə, yeni sistemdə də ənənəvi, köhnə qaydadan istifadə edirlər. Real vəziyyət budur ki, müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar. Ona görə də şagirdləri aşağı nəticələrə görə qınamaq lazım deyil. Hesab edirəm ki, ali məktəblərdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir. Çünki əmək bazarına kadrlar universitetlərdən daxil olur. Əgər istəyiriksə müəllimlər kurikulumu, müasir təhsili, qiymətləndirməni bilsinlər, onda bu proqramı, lazımi resursları ali məktəblərin tədris proqramına salmaq lazımdır.

-Ötən il bu sistem ilə təhsil alan şagirdlər imtahan verdilər. İmtahanın nəticələri nə kimi təəssüratlar yaratdı?

 -Təsəvvür edin, 2017, 2018 və 2019-cu illərdə kurikulum standartlarına uyğun keçirilən imtahanlarda iştirak edənlərin 70 faizi öz ana dilindən və riyaziyyatdan 2 aldı. 70 faiz insan minimum suala düzgün cavab verə bilmədi. Demək olar 5 alan olmadı. Bu ona görə idi ki, müəllimlər hələ də kurikulum biliklərini əldə edə bilmirlər. Məktəb direktorları düzgün tədris prosesi qura bilmirlər. Kurikulum standartlarından biri öyrədilən bilik və bacarıqların “KSQ”lərlə, “BSQ”lərlə, “Formativ”lərlə yoxlanılmasıdır. Amma müəllimlər hələ də bunun ənənəvi qapalı test üsulu ilə yoxlanmasını həyata keçirirlər. Halbuki digər konseptual bacarıqların yoxlanılması müxtəlif test tapşırıqları ilə yoxlanılmalıdır.

-Müəllimlərin hamısı kurikulum təlimindən keçiblərmi?

-Hazırda 4500-dən çox orta məktəbdə 155 min müəllim çalışır və demək olar ki, hamısı kurikulum təlimlərinin iştirakçısıdır. Onlar deyirlər ki, kurikulum kurslarından keçmişik, diplomlarımız, sertifikatlarımız var. Amma ortada olan nəticə odur ki, bizim müəllimlərimiz hələ də kurikulumu tam mənimsəyə bilməyiblər. Onların çox cüzi bir hissəsi kurikulumdan dərs keçirlər. Ən bərbad ikinci bir hal ondan ibarətdir ki, sosial şəbəkələrdə müəyyən müəllim qrupları var, burada ənənəvi üsullarla, yaxud kurikulum üsulu ilə test tapşırıqları hazırlayırlar. Bütün müəllimlər eyni test tapşırıqlarını götürüb öz şagirdlərinə işlədirlər. Yəni heç bir əziyyət çəkmək istəmirlər.

Dövlət bu standartın həyata keçirilməsi üçün 30 milyon manatdan çox vəsait xərcləyib. Təhsil Nazirliyinin keçirdiyi birhəftəlik kurikulum təlimləri ilə müəllimlərdə bu müasir yanaşmanı formalaşdırmaq olmaz. Mütləq şəkildə müəllimlərimiz, 6 aydan az olmamaq şərtilə, kurikulum təlimlərində iştirak etməlidirlər. Təlimləri nəzəriyyə üzərində yox, praktika üzərində keçmək lazımdır.

Təhsil üzrə tanınmış ekspert, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov dedi ki, beynəlxalq təhsil sisteminə inteqrasiya qaçılmazdır. Bununla belə, istənilən sistem nə qədər mütərəqqi olsa belə, ona ehkam kimi baxmaq olmaz. Bu kimi məsələlər ölkənin sosial-iqtisadi vəziyyətinə, xalqın milli maraqlarına, kadr potensialına uyğunlaşdırılmalı, bu məqsədlə müəyyən korrektələr aparılmalıdır.

Təhsil proqramı (kurikulum) ətrafında ge

dən müzakirələrə Təhsil Nazirliyinin rəsmi saytında aydınlıq gətirilərək deyildi ki, proqramlar (kurikulumlar) olmadan təhsil sahəsində müəyyən olunmuş siyasəti vahid istiqamətdə həyata keçirmək mümkün deyildir. Çünki həmin sənəd əsasında dərsliklər, metodik vəsaitlər hazırlanır, təlimin təşkili istiqamətləndirilir və s. Ölkəmizdə, həmişə olduğu kimi, bu gün də təhsil proqramlarından istifadə edilir. Lakin bu proqramlar daimi xarakter daşımır. Onlar dövri olaraq cəmiyyətin ehtiyac və tələblərinə uyğun dəyişir. Necə ki, hazırda ölkəmizdə olan standart təhsil proqramlarının təkmilləşdirilməsi üzərində iş aparılır.

Əsli ƏHMƏDOVA