Kursantlara mükafatlar təqdim olundu


Baxıldı : 222

Tarix : 2015-11-20 05:39:00


Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş C.Naxçıvanski adına Hərbi Lisey müstəqil dövlətimizin Silahlı Qüvvələri üçün milli zabit kadrlarının yetişdirilməsi istiqamətində böyük işlər görür. Hərbi məktəblərə daxil olmağı qarşısına məqsəd qoymuş yeniyetmələr burada hərb elmi barədə vacib təsəvvürlərə yiyələnir, fiziki cəhətdən mətinləşir, vətənpərvərlik hisslərini daha da artırır. Milli Ordumuzun gələcək zabitləri cəsur olmaqla yanaşı, həm də yaxşı təhsil almalı, yüksək mədəni səviyyəyə malik olmalıdırlar.Bu keyfiyyətlərin tərbiyə olunmasında liseyin pedaqoji kollektivinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yaxından köməklik göstərir. Məlum olduğu kimi, artıq 15 ildir AHİK bu liseyi mədəni hamiliyə götürüb. Konfederasiya hamilik borcunu yeniyetmələrin həvəslə qoşula biləcəkləri müxtəlif formatlı tədbirlər hazırlayıb həyata keçirməklə yerinə yetirir. Gənclər tərəfindən böyük rəğbətlə qarşılanan belə tədbirlərdən biri də biliklərin mənimsənilməsində yüksək göstəricilər qazanan, liseyin ictimai və mədəni həyatında fəal iştirak edən kursantların diplomlar və pul mükafatları ilə təltif edilməsidir. Mükafat kursantlar arasında dərs əlaçısı olmaq uğrunda daimi rəqabətə səbəb olub. Hər bir kursant özünü qaliblər sırasında görmək istəyir. Buna isə yalnız öz üzərində daha çox işləyənlər, tədris intizamına əməl edənlər nail olurlar.2014-2015-ci tədris ilinin yekunları üzrə hazırlanan hesabat da göstərdi ki, fərqlənən kursantların sayı ildən-ilə artır. Bu il AHİK-in diplomları və sahə həmkarlar ittifaqlarının pul mükafatları hərbi liseydə Dövlət Bayrağı Gününə həsr edilmiş təntənəli tədbirdə təqdim edildi.Tədbir ekranda Dövlət Bayrağının yüksəkliyə ucalması ilə başlandı. Ulu öndər H.Əliyevin və Vətən uğrunda şəhid olan Azərbaycan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hərbi Lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Rəhim Səmədov Dövlət Bayrağımızın yaranma tarixi, mahiyyəti, Bayraq Meydanı haqqında məlumat verdi. Kursantların iştirakı ilə hazırlanmış bədii kompozisiyadan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri konsert proqramı ilə çıxış etdilər.Bu yazının müəllifi bütün şəxsi heyəti, liseydə təhsil alan kursantları AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin adından Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi, onlara təhsildə müvəffəqiyyətlər arzuladı.\ Hökumətimiz Orduya həmişə xüsusi diqqət yetirir. Biz bu gün böyük qürur hissi ilə qeyd etməliyik ki, hələ keçmiş sovet dövründə ulu öndər Heydər Əliyev ordu quruculuğu istiqamətində məhz bu hərbi təhsil ocağının yaradılmasına nail olmuşdu. Qoy Azərbaycanın üçrəngli bayrağı daim yüksəklərə ucalsın. O gün olsun ki, bayrağımız Qələbə marşının sədaları altında işğal olunmuş torpaqlarımızda dalğalansın\ , - dedi.C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Rüfət Əmirov AHİK sədri S.Mehbalıyevə gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.Sonra təhsildə və liseyin ictimai həyatında fərqlənən kursantlara AHİK-in diplomu və pul mükafatları təqdim olundu.(Mükafatlandırılmış kursantların şəkilləri sayımızın 6-7-ci səhifələrində dərc edilib).Xoşqədəm BAĞIROVA,AHİK-in mütəxəssisi