Kurslar təhsilin inkişafına necə təsir edir?


Baxıldı : 88

Tarix : 2018-04-07 00:14:46


Ölkədə yüzlərlə hazırlıq və dil kursu var. Bu hazırlıq kursları ən tanınmış təhsil müəssisələrimizdən daha çox ictimaiyyətə tanışdır və məktəbəqədər hazırlıqdan tutmuş, dil, kompüter, abituriyent, magistr də daxil olmaqla, müəllimlərin işə qəbul olunmasına qədər bütün hazırlıq fəaliyyəti ilə bağlı məsələlərlə məşğuldur. Lakin onların hamısı haqqında müsbət fikir söyləmək olmaz. Hətta əksəriyyəti verdiyi təhsilə görə ciddi tənqid olunmalıdır. Bəs biliklərini təkmilləşdirmək istəyənlər kurs seçimində nələrə diqqət etməlidirlər? Hazırlıq kurslarına bu qədər axının səbəbi nədir? Övladlarımızın təhsilini, təlim və tərbiyəsini etibar etdiyimiz təhsil müəssisələri öz vəzifə borclarını tələb olunacaq səviyyədə yerinə yetirmək iqtidarında deyilmi?

 

Suallarımızı cavabladırmaq üçün bir neçə kursda araşdırma apardıq. Şəhərin mərkəzi küçəsində yerləşən “İdeal dərshanəsi”nin rəhbəri Osman Berçin bildirdi ki, biz kurslara gələnlərin test nəticələrindən də aydın görürük ki, Azərbaycanda təhsilin inkişafında irəliləyiş var. Lakin hələ də kursa müraciət edən elə şagirdlər var ki, 11-ci sinifdə oxumasına baxmayaraq, adi tənlik qura bilmir. Hazırlıq kursu bilikləri daha da təkmilləşdirmək üçündür, ən adi hesablamaları belə bilməyənlərə biz  heç bir kömək edə bilmirik. Keyfiyyətli təhsilin əsasında isə savadlı və təcrübəli müəllimlər durur. Müəllimlər kursa qəbul zamanı həm orta məktəb, həm də universitet səviyyəsində təşkil olunmuş testlərdən keçməlidir. Həmçinin testlərdən uğurla keçən müəllimlərin açıq dərsi təcrübəli pedaqoqların müşaiyyəti ilə izlənməlidir.

“Hədəf” kusunun Nizami rayon filialının əməkdaşı Nizami Hüseynov isə  dedi  ki, hər bir kursun statistikası olmalıdır. Orada il ərzində nə qədər buraxılış olub və onlardan  neçə faizi yüksək bal toplayıb hamısı açıq şəkildə əksini tapmalıdır. Bizdə prosedur belədir. Statistik hasablamalarımız yay aylarında kursda qeydiyyat üçün gələnlərə təqdim olunur. Adətən uğurlarımız 85 faizdən yüksək olur. Filiala hər il 300-dən çox müraciət edilir. Kurikulum sistemi ilə təhsil almış şagirdlər daha yaxşı nəticələr göstərir. Bizim müəllimlər Dövlət İmtahan Mərkəzinin tələbi nədirsə uşaqlara onu öyrədir. Yəni əsasən nəticə yönümlüdür.

“Azərbaycanda ümümiyyətlə kursçuluq prinsipi təhsilə yox, kommersiya maraqlarına xidmət edir. Bugünləri ölkədə fəaliyyət göstərən 700-dən çox tədris mərkəzi, hazırlıq kursu və bu tipli obyektlər yalnız Vergilər Nazirliyindən qeydiyyatdan keçməklə, sadələşmiş vergi ödəməklə fəaliyyətə başlaya bilir”. Bunu təhsil üzrə ekspert Kamran Əsədov dedi. Qeyd etdi ki, hazırlıq və dil kursları təhsilin inkişafını daha da təkmilləşdirən vasitə olmalıdır: “Repititor kurs  bazarında 1 milyarda yaxın pul dövr edir. Bu gün hər hansı bir kiçik maliyyəsi olan şəxs bir yeri icarəyə götürür və ora müəllimlər cəlb edərək, hazırlıq kursları açır. Həmin şəxs dövlət qarşısında yalnız vergi ödəyicisi kimi öhdəlik daşıyır. Hər hansı bir təhsil keyfiyyəti, onun kadrlarının, rəhbərliyinin təhsildən anlayışının olub-olmadığı isə məlum deyil. Necə olur ki, taksi xidməti göstərmək üçün dövlət tərəfindən  lisenziya verilərkən maşının bu fəaliyyət üçün yararlılığı, sürücülük vəsiqəsi və sair diqətə alınır. Amma kurslar lisenziyasız fəaliyyət göstərdiyi üçün, demək olar ki, onlara nəzarət olunmur. Kursda müəllimlər ancaq əzbərləməyi öyrədirlər.Əsas gücü imtahanların nəticələrinə sərf edirlər.

Ona görə də dövlət qulluğuna imtahan zamanı 600-dən yuxarı bal toplayanların sayı 300-400 bal toplayanlardan aşağı olur”.

K.Əsədov çıxış yolunu, ali məktəbə qəbul imtahanlarının sadələşdirilməsində görür. Deyir ki, orta məktəbi əla qiymətlərlə bitirən şagirdlər universitetlərə imtahansız qəbul olunmalıdır. Belə halda şagirdlər kurslara getmək əvəzinə məktəb dərslərinə ciddi hazırlaşacaqlar. Əlbəttə, burada müəllimlərin əməkhaqqının artırılması da nəzərdə tutulmalıdır ki, onların dərs saatlarından sonra hazırlıq keçməyə ehtiyacı qalmasın. Bu zaman şagirdlər də psixolji vəziyyətdən azad olacaq”.

Əsli ƏHMƏDOVA