Kursların daimi olması təklif edildi


Baxıldı : 125

Tarix : 2018-07-07 00:11:59


İyunun 5-dən 12-dək və 20-dən 22-dək Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqı kadr və fəalları üçün kurslar təşkil olunmuşdu. “Əmək münasibətlərinin hüquqi tənzimlənməsi” kursunda 44, “Həmkarlar ittifaqı daxilində kadr siyasəti” kursunda isə 32 nəfər iştirak etmişdir.

Hüquqi məsələlər üzrə təhsil proqramına “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı və əmək münasibətlərinin inkişafının xüsusiyyətləri, əsas mahiyyəti”, “Həmkarlar ittifaqı təşkilatının fəaliyyətinin hüquqi əsasları”, “Əmək Məcəlləsi işçilərin əmək hüquqlarının müdafiəsi haqqında”, “Sosial-əmək münasibətlərinin kollektiv müqavilə ilə tənzimlənməsi”,”Azərbaycan əhalisinin yaşayış səviyyəsinin müasir problemləri, həyat səviyyəsinin göstəriciləri”, “İnsan inkişafının indeksi”, “Məşğulluq Xidmətinin fəaliyyətində əmək qanunvericiliyinin tətbiqi ilə bağlı dəyişikliklərə və izahatlara baxış”, “Əmək Məcəlləsi kollektiv və fərdi əmək mübahisələrinin həlli və baxılması qaydaları haqqında”, “Konflikt vəziyyətində konstruktiv həlli yolları” mövzuları daxil olunmuşdu.

Kurs “İşçilərin sosial-iqtisadi maraqlarının müdafiəsində həmkarlar ittifaqının rolu” adlanan məşğələ ilə başa çatdı.

Kursa əsasən iş təcrübəsi olmayan işçilər göndərilmişdi. Tədris olunan mövzuların daha asan mənimsənilməsi və yaddaşlarda qalması məqsədilə müxtəlif tədris formaları tətbiq olunmuşdu. Əmək münasibətlərinin tənzimlənməsi, fərdi və kollektiv mübahisələr, əmək qanunvericiliyinə dair testlər təhlil olunmuş, praktik məşğələlər təşkil edilmişdi.

Kadr siyasətinə həsr olunmuş kurslarda isə əsasən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından dəvət olunmuş müəllimlərin “Kadr siyasəti: növləri, amillər və mərhələləri”, “AHİK-in kadr siyasəti konsepsiyası”, “İdarəetmə psixologiyası. Komanda ruhunun formalaşdırılması”, “Kadr audit - kadr siyasətini təkmilləşdirmə mexanizmi kimi”, “Həmkarlar ittifaqlarında kadr auditi. Həmkarlar ittifaqı işinin stimullaşdırılması”, “İşgüzar ünsiyyət və işgüzar etiket”, “İş yükünün bölünməsi və idarə olunması”, “Həmkarlar ittifaqı təşkilatının kadr tədbirləri və kadr strategiyası”, “Həmkarlar ittifaqlarında kadrların seçimi”, “Kadr tərkibinin mənbələri: həmkarlar ittifaqı üzvlüyü və autsorinq, imkanlar və təhlükələr”, “Həmkarlar ittifaqı liderinin professioqramı. Səriştə və bacarığı” və sair mövzularda mühazirələri dinlənildi.

Kurs  “Azərbaycan həmkarlar ittifaqlarının modernləşməsi: reallıq, ehtiyac və yeni yanaşmalar” mövzusunda praktiki məşğələ ilə yekunlaşdı.

Kurslarda həmçinin müvafiq nazirliklərin, sahə Hİ respublika komitələrinin sədrləri, sədr müavinləri, digər məsul işçiləri çıxış etmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.

Sonda iştirakçılara sorğu anketləri paylanmışdır.

Anketlərin təhlili göstərir ki, kurslar xüsusilə gənc həmkarlar işçiləri üçün faydalı və maraqlı olmuşdur. Onlar belə qısamüddətli kursların daimi xarakter daşımasını təklif etmişlər.