İşləməyə maraq niyə azdır?


Baxıldı : 297

Tarix : 2015-01-31 04:43:00


Prezident İlham Əliyev \ 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası\ nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Strategiyada bildirilir ki, son 10 ildə Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanmış, insan potensialının inkişafına görə \ orta insan inkişafı ölkələri\ qrupundan \ yüksək insan inkişafı ölkələri\ kateqoriyasına daxil olmuşdur. Bu, əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclər üçün iqtisadi imkanların yeni səviyyədə yaradılması, hüquqların genişləndirilməsi və maddi təminatın möhkəmləndirilməsi deməkdir. Gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biridir. Gənclər siyasəti gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleksidir. Gənclərin təhsil səviyyəsi ilbəil artır. Onlar ölkə daxilində fəaliyyət göstərən ali təhsil müəssisələri ilə yanaşı, dövlət proqramı əsasında xarici ölkələrdə də təhsil almaq hüququndan istifadə edə bilirlər. Bununla belə ali təhsil alanların çox az qismi regionlarda işləməyə meyil göstərir. Ali təhsilli gənclərin respublikanın rayon və kəndlərinə işləməyə getməməsi və ya buna maraq göstərməməsinin səbəbləri nədir? İsmayıllı şəhər 3 saylı orta məktəbdə müəllim işləyən Çingiz Muradov bildirib ki, Azərbaycan Respublikasının həm demoqrafik, həm də iqtisadi inkişafında gənclərin rolunun mühüm olması danılmaz faktdır. Bu siyahıda tələbə gənclərin də rolu az deyil. Lakin bu gün paytaxtda və digər şəhərlərdə ali təhsilini başa vuran gənclər, demək olar ki, regionlara işləməyə getmir. Çox az qisim gənc isə öz bilik səviyyəsinə və ixtisasına uyğun işlə təminat baxımından regionlara, kəndlərdə işləməyə gedir. Bu qrupa xüsusən gənc müəllimləri aid etmək olar. Son dövrlərdə qəbul edilmiş həvəsləndirmə proqramlarına əsasən, az sayda gənc müəllim işləmək üçün regionlara üz tutur. Lakin regionlarda inkişaf üçün potensial imkanların olmaması onların əksər hissəsinin 3 ildən sonra yenidən şəhərə dönməsinə səbəb olur. Xüsusən müasir dövrdə, demək olar ki, valideynlərin əksəriyyəti qız uşaqlarının regionlarda, kəndlərdə müəllim, həkim, iqtisadçı işləməsinin əleyhinədir. Şəhərdə az məvacibə qeyri-ixtisasda işləməyi, regionda öz ixtisası üzrə işləməkdən üstün tutan gənclərimiz də az deyil. Hər il minlərlə gəncə ali təhsil diplomlarının verilməsinə baxmayaraq, bu gün regionlarda bəzi sahələr üzrə ixtisaslı kadrlara olan tələbat yüksək olaraq qalır. Əlbəttə, bunun da müxtəlif səbəbləri var. Ya onların ixtisasına uyğun orada iş olmur, ya da ki, məvacib qane etmir. Bakıda informasiya texnologiyaları sahəsi üzrə bir sıra ixtisaslara yiyələnmiş yüzlərlə gənc regionda, xüsusən kənddə hansı sahədə öz bilik və bacarığını nümayiş etdirə bilər?Danılmaz fakt olaraq qalır ki, (bunu statistikada da görmək olar) aqro sahədə əməkhaqqının və iş yerlərinin sayının yetərli olmaması səbəbindən bu gün ali məktəbə hazırlaşan gənclər arasında bu ixtisaslar ən aşağı faizlə son yerləri tutur. A.MUSTAFAYEV