Laqeydlik narahatlığı daha da artırır


Baxıldı : 54

Tarix : 2017-08-04 20:31:34


Cənubi Afrika Respublikasının Orkney şəhərinin şimal-qərbində yerləşən "Tau Lekoa" qızıl mədənində iyul ayının 22-də baş verən qəzada 4 nəfər ölüb. Mədəndə iş saatı zamanı girişin çökməsiylə çalışanlar  oradan çıxa bilməyib. Xilasetmə xidməti tələfatın daha da çoxalmasını önləyib. Qəzaya səbəb  ərazidə zəlzələ olması göstərilsə də, mədəndə təhlükəsizliyə yetərli səviyyədə diqqət ayrılmaması  itkilərə  gətirib çıxarıb. Belə ki, Əmək Nazirliyinin və həmkarlar ittifaqı təşkilatının bir qrup mütəxəssisi daha öncə hadisə yerində yoxlamalar apararkən iş şəraitində təhlükəsizliyin yetərli dərəcədə olmadığını hökumətə və mədən rəhbərliyinə rəsmi surətdə bildirib.

İndustriALL Qlobal İttifaqına daxil olan Milli Mədən Sənayesi İşçiləri Həmkarlar İttifaqından bildirilib ki, əvvəlki illərə nisbətən mədən qəzalarının sayında və itkilərdə xeyli azalma müşahidə olunsa da,  rəhbərliyin təhlükəsizlik məsələlərinə laqeyd yanaşması gələcəkdə problemlər yaradacaq.

İttifaqdan verilən statistik məlumatda 2016-cı ildə ölkədə baş verən mədən qəzalarında  73 işçinin öldüyü, 2662 nəfərin xəsarət aldığı qeyd olunub.

İndustriALL-ın bölgə üzrə nümayəndəsi Fabian Nkomo  qəzada ölənlərin ailələrinə başsağlığı verib. O, mədənlərdə təhlükəsizliyin prioritet məsələ olduğunu bildirərək hökumət və mədən rəhbərliyindən BƏT-in Mədənlərdə Sağlamlıq və Təhlükəsizliyin Təmin Edilməsinə dair 176 saylı Konvensiyaya sadiq qalmağı tələb edib.

Cavid SƏFƏROV