Laqeydliyə səbəb nədir?


Baxıldı : 170

Tarix : 2017-06-09 20:57:09


25-30 il əvvəl yeni salınan yaşayış massivlərinin həyətində ən çox əkilən qovaq ağacları olub. Artıq doqquzmərtəbəli ev hündürlüyünə qədər ucalan bu ağaclar orada yaşayan insanlar üçün təhlükə mənbəyinə çevrilib. Güclü külək əsdikcə fikirləşirsən ki, bu dəqiqə tonlarla çəkisi olan ağac adamı torpağa yapışdıracaq. Hər il Bakının çox yerində bu ağaclar maşınların üzərinə düşüb, hətta ölümlə nəticələnən hadisələr baş verib.

Yasamal rayonu, Mətbuat prospekti 29, 31, 33 saylı binaların həyətində çox böyük hündürlüyü olan 6-7 bu cür çürük qovaq ağacları var. İkisi tamamilə əyilib. Düşəcəkləri istiqamət həyətdəki bağça uşaqlarının və digərlərinin oynadığı yerdir. İstilik sistemi, su, qaz xətləri də bu zaman tamamilə sıradan çıxacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinə həyət sakinlərinin imzaladığı məktubla müraciət olunub. Eyni halda rəis A.Aslanovun imzası ilə həmin ünvanda 1 ədəd qurumuş iydə ağacının iki budağının budanmasına etiraz olmadığı bildirilir. Həm də qeyd edilir ki, rəyin icrası Bakı Şəhər İH Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən, xidməti ərazisi olan halda, ödənişsiz, əks halda müqavilə əsasında yerinə yetirilməlidir. Rəyin icrası ilə əlaqədar nazirlik cavabdehlik daşımır. İcranın qüvvədə qalma müddəti 1 ilə qədərdir.

İkinci dəfə müraciət olunsa da, yenə faktiki həmin cavab və məsələyə qeyri-ciddi yanaşma. Söhbət zamanı idarə əməkdaşına bildirdim ki, əgər hadisə baş versə, kim cavab verəcək? O da qeyd etdi ki, onda yenidən məktub yazın. Yəqin ki, Nazirliyin Ekspertiza İdarəsi mayda Rusiyanın paytaxtı Moskva şəhərində baş verən təbii fəlakətin nəticələrini diqqətlə izləyib. Küçədə və digər yerlərdə insanları haqlayan, köklü-budaqlı ağacları götürüb havada fırladan külək insan tələfatına səbəb olursa, onda əyilmiş və çürümüş 25-30 metrlik ağacların hansı faciələr törədə biləcəyini fikirləşəndə, insanı, sadəcə olaraq, qorxu bürüyür.

Bir məsələ çox maraqlıdır. Niyə biz gözləyirik ki, hansısa bir bəxbəxt hadisə baş versin, onda ayılaq. Bunun səbəbini axtarıb tapıb nəticə çıxarmalıyıq.

Əhəd İBADOV