Layihə Avropanın enerji xəritəsini tam dəyişəcək


Baxıldı : 280

Tarix : 2015-11-20 05:59:00


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva \ Böyük İyirmiliyin\ (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak etmək üçün noyabrın 14-də Türkiyə Respublikasına işgüzar səfər ediblər. Noyabrın 15-də Türkiyənin Antalya şəhərində \ Böyük İyirmilik\ ölkələri liderlərinin Sammiti öz işinə başlayıb. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və digər ölkələrin dövlət başçılarını, həmçinin beynəlxalq təşkilatların rəhbərlərini qarşılayıb.Sayca onuncu dəfə keçirilən bu Sammitdə Azərbaycan xüsusi dəvətli qonaq statusunda təmsil olunur. Tədbirin ənənəsinə görə, toplantıya ev sahibliyi edən ölkə tərəfindən fəxri qonaq dəvət edilir. Türkiyənin fəxri qonaq qismində Azərbaycanı seçməsi ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin bir daha təsdiqi olmaqla yanaşı, Azərbaycanın iqtisadi potensialına verilən önəmin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində \ Böyük İyirmilik\ ölkələri liderlərinin Sammiti çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzularında keçirilən müzakirələrdə çıxış edib.İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti ilə Azərbaycanın ilk dəfə olaraq belə mötəbər beynəlxalq tədbirdə iştirak etdiyini vurğulayaraq bu dəvətə görə Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib. Sonra Prezident İlham Əliyev son illər Azərbaycanın iqtisadi inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətləri diqqətə çatdırıb, ölkəmizdə yaradılmış əlverişli sərmayə mühiti, işsizliyin aradan qaldırılması, yoxsulluğun kəskin şəkildə azaldılması istiqamətində görülən işlərdən danışıb.Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev \ Böyük İyirmiliyin\ Antalya Sammiti çərçivəsində keçirilən işçi lançda iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyəli əlaqələr inkişaf edir, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir. Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdıqları mühüm energetika və digər layihələr yalnız regionda deyil, dünya miqyasında da böyük əhəmiyyətə malikdir. Sonra Prezident İlham Əliyev Azərbaycanın energetika sahəsində əldə etdiyi uğurlara toxunub. Ölkəmizin neft hasilatı sahəsində böyük tarixə və təcrübəyə malik olduğunu, dünyada ilk dəfə sənaye üsulu ilə dənizdə neftin Azərbaycanda çıxarıldığını bildirib. Müstəqillik dövründə həyata keçirilən enerji layihələri, xüsusilə 1994-cü ildə imzalanan \ Əsrin Müqaviləsi\ və bu müqavilənin dünyanın enerji xəritəsində tutduğu mühüm yer, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri haqqında da danışıb. Prezident İlham Əliyev vurğulayıb ki, həmin illərdən ötən dövr ərzində Azərbaycanın energetika sahəsində beynəlxalq əməkdaşlığı daha da genişlənib və bu gün də uğurla davam edir.Biz ümid edirik ki, \ Cənub\ qaz dəhlizi layihəsi də uğurla gerçəkləşəcək. Mən dəstəyə və eyni istiqamətdə irəli hərəkət etməyimizə görə Prezident Ərdoğana təşəkkürümü bildirmək istəyirəm. Bizim yaxşı investorlarımız var. Həmçinin Birləşmiş Ştatların bütün reallaşan layihələrə dəstək verdiyinə görə Prezident Obamaya minnətdarlığımı bildirirəm. Bu dəstək olmadan biz xüsusilə 1990-cı illərin ortalarında əldə etdiyimiz uğurlara nail ola bilməzdik. Həmçinin Böyük Britaniyanın Baş naziri Kemerona təşəkkür etmək istərdim. Böyük Britaniya artıq 20 ildən çoxdur ki, Azərbaycanda ən böyük sərmayədardır. Bu, bizə həm ticarətdə, həm də investisiya və digər sahələrdə tərəfdaşlığımızı çox yüksək səviyyəyə çatdırmağa imkan verdi. Mən dostum Renziyə bununla bağlı təşəkkür etmək istərdim. İtaliya bundan sonra da bu qazın ən böyük idxalçısı olacaq. Bu layihənin həyata keçirilməsi bizə İtaliya vasitəsilə digər ölkələrin bazarlarına çıxmağa imkan verəcək. Həmin qaz Gürcüstan və Türkiyə ərazisindən keçərək Yunanıstana, Bolqarıstana, daha sonra Albaniyaya və nəhayət, Adriatik dənizindən İtaliyaya daxil olacaq. Bu layihə müvafiq ölkələrin hökumətlərinin və şirkətlərinin göstərdiyi səylərin əlaqələndirilməsini tələb edir və biz artıq həmin əlaqələndirmənin, əməkdaşlığın nəticələrini görürük. Bizim marşrut Avropa üçün yeni marşrutdur. Layihə Avropanın enerji xəritəsini tam dəyişəcək. Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi göstərib. Əlbəttə ki, biz tranzit, istehlakçı və hasilatçı ölkələrin maraqlarını təmin etməliyik. Bu məqsədlərə nail olmaqdan ötrü biz bütün tərəflər üçün əlverişli şərait yaratmalıyıq. Qeyd edək ki, \ Böyük İyirmiliyin\ Sammiti çərçivəsində Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş naziri Matteo Renzi, Malayziyanın Baş naziri Nacib Rezak, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə ikitərəfli münasibətlərin inkişafına dair qısa söhbətləri olub. Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri başa çatıb.