Layiqli əmək üzrə BƏT proqramı: Azərbaycan və Moldova təcrübəsi


Baxıldı : 152

Tarix : 2019-06-07 09:22:59


Mayın 8-də Bakıda “Regionda həmkarlar ittifaqı üçün Dayanıqlı İnkişaf Məqsədlərində layiqli əmək üzrə BƏT proqramının qiymətləndirilməsi” mövzusunda  treninq keçirilib. 

Tədbir Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə baş tutub.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək iştirakçıların nəzərinə çatdırıb ki, bugünkü treninq Azərbaycan və Moldova həmkarlar ittifaqları fəallarının iştirakı ilə keçirilir. Bu da təsadüfi deyildir.

Ölkələrimiz arasında dostluq, əməkdaşlıq və qardaşlıq münasibətləri bütün sahələrdə inkişaf etdiyi kimi, həmkarlar ittifaqları sistemində də özünü göstərməkdədir.

Nümayəndələrimizin qarşılıqlı səfərləri, təcrübə mübadilələri aparmaları, təlim kurslarının, görüşlərin və digər birgə tədbirlərin keçirilməsi əməkdaşlığımız üçün yüksək zəmin yaradıb. Keçən ilin oktyabr ayında Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində “Dayanıqlı inkişafın məqsədlərinin həmkarlar ittifaqları üçün əhəmiyyəti nədir?” mövzusunda keçirilən regional konfransda bizim əməkdaşlar da iştirak ediblər.  Sevindirici haldır ki, bu treninqdə də Moldova çoxsaylı nümayəndə ilə təmsil olunur. Hesab edirəm ki, bugünkü görüş təcrübə mübadiləsi nöqteyi-nəzərindən yeni imkandır.

Sizə məlumdur ki, Beynəlxalq Əmək Təşkilatı Azərbaycan və Moldova həmkarlar ittifaqlarının Dayanıqlı İnkişafın Məqsədlərinin həyata keçirilməsi sahəsində apardıqları səmərəli işləri yüksək qiymətləndirmiş və onları prioritet ölkə seçmişdir. Sizə o da məlumdur ki, hər iki respublika “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi” razılaşmasına qoşulmuşlar. Dayanıqlı İnkişaf Məqsədləri adlanan bu razılaşma BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin sentyabrın 25-27-də keçirilmiş Dayanıqlı İnkişaf Sammitində təsdiqlənib və rəsmi olaraq 2016-cı ilin yanvarında qüvvəyə minib.

AHİK sədri deyib ki, ölkəmizdə də dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi ilə bağlı dövlət proqramları qəbul olunmuş və müvəffəqiyyətlə həyata keçirilməkdədir. Yüksək peşəkarlıqla hazırlanmış bu proqramlar əhalinin iqtisadi fəallığını stimullaşdırır, yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, Azərbaycanın regionlarının hərtərəfli tərəqqisinə yol açır.

Azərbaycan həmkarlar ittifaqları da dayanıqlı inkişaf üçün özəl sektorla daha sıx əməkdaşlıq qurulmasına, əmək şəraitinin yaxşılaşdırılmasına, norma yaradıcılığında iştirakını fəallaşdırmağa çalışır.

Biz sosial tərəfdaşlarımızla bərabər bu istiqamətdə konkret addımlar atmışıq. Tərəfimizdən 8 istiqamət üzrə konsepsiya qəbul edilib, onun icrasına başlanılıb. Bu zaman nəzərə alınıb ki, Beynəlxalq Əmək Təşkilatı davamlı inkişaf sahəsində səkkizinci məqsədə çatmaq üçün tam və məhsuldar məşğulluğu və layiqli işi, cins fərqi qoyulmadan bərabər əməkhaqqı ilə təminatı, gənclərin məşğulluğunu, uşaq əməyinin bütün formalarının aradan qaldırılmasını, qeyri-formal iqtisadiyyatın nizamlanmasını, sahibkarlığın stimullaşdırılmasını, əmək hüquqlarının qorunmasını, etibarlı və təhlükəsiz iş şəraitinin yaradılmasını, əmək miqrasiyası məsələlərini əsas prioritet  kimi qeyd edir.

S.Möhbalıyev vurğulayıb ki, ölkədə dayanıqlı inkişafa dəstək vermək üçün sosial-iqtisadi siyasətin razılaşdırılmış ümumi prinsiplərinin müəyyənləşdirilməsi, sosial-əmək münasibətlərinin tənzimlənməsi, sosial stabilliyi qorumaqdan ötrü sosial dialoqun inkişaf etdirilməsi çox vacibdir. Bu məsələlərin həyata keçirilməsində Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya xüsusi əhəmiyyət kəsb edir.

Sosial tərəfdaşların məqsədyönlü fəaliyyətini istiqamətləndirən bu komissiya sosial partnyorluq münasibətləri çərçivəsində baxılan məsələləri yeni, daha yüksək müstəviyə çıxararaq, BƏT-in dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində səmərəli rol oynayır.

Biz dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları, işəgötürənlər və digər maraqlı tərəflərlə əməkdaşlığa üstünlük veririk.

Yeri gəlmişkən, AHİK BƏT-in təşkilatçılığı ilə son iki ildə 13-dən çox beynəlxalq tədbir keçirib. Tədbirlər təkcə Bakını deyil, həm də respublikamızın 5 regionunu əhatə edib. “BƏT-in 204 saylı Tövsiyəsinin izahı və tətbiq olunması, qeyri-formal iqtisadiyyat sahəsində həmkarlar ittifaqlarının siyasəti”, “Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri”, “Dünyamızın transformasiyası”, “Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu”, “Əməyin gələcək sferası, dayanıqlı inkişaf, həmkarlar ittifaqlarının vəzifə və perspektivləri”, “Beynəlxalq Əmək Təşkilatı: 2030 Dayanıqlı İnkişaf Məqsədləri”, “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” və digər mövzular ətrafında sosial partnyorlarımızın iştirakı ilə müzakirələr aparılıb.

Həmkarlar ittifaqlarının maraq dairəsinə daxil olan dayanıqlı inkişaf məqsədlərinin 8-ci məqsədində nəzərdə tutulan məsələlərin icrasının fasiləsiz və davamlı şəkildə həyata keçirilməsi ölkələrin rəhbərliyi ilə cəmiyyət arasında inam və etimad mühitini formalaşdıran əsas amillərdən biridir. Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində ölkəmizin dünya reytinqlərində ən yüksək pillələri tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəliliyi hesabına əldə olunmuş nəticədir.

AHİK sədri bildirib ki, dayanıqlı inkişaf məqsədlərinə nail olunması, sözsüz ki, davamlı iqtisadi artıma, tam və məhsuldar məşğulluğa şərait yaradacaq, layiqli işlə təminata kömək edəcəkdir.

Layiqli Əmək üzrə Ölkə Proqramında layiqli əməyin təmin olunması istiqamətində sosial tərəfdaşlar tərəfindən atılacaq addımlar kifayət qədər geniş formada müəyyən edilib və burada BƏT-in xeyli dəstəyini görmüşük. Davamlı inkişaf sahəsində səkkizinci məqsəd barədə danışarkən diqqəti aşağıdakı məsələlərə yönəltməyi vacib hesab edirik:

Əvvəla, davamlı inkişaf sahəsində qlobal miqyasda tədbirlər nəzərdə tutulsa da, hər bir dövlətin nailiyyət qazanması əsasən onların fəaliyyətindən və müəyyən etdikləri siyasətdən asılı olacaqdır. Burada Beynəlxalq Əmək Təşkilatının məsləhətləri balanslaşdırılmış və səmərəli siyasətin işlənib hazırlanmasına kömək edə bilər.

Hesab edirəm ki, hazırda beynəlxalq təşkilatların və hökumətlərin özəl sektor, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları və digər maraqlı tərəflər ilə çoxtərəfli əməkdaşlığına da böyük ehtiyac vardır.

İkinci önəmli istiqamət, yəni qlobal partnyorluğun təmin edilməsi dayanıqlı inkişafa öz müsbət təsirini göstərə bilər.

Qloballaşma prosesləri, beynəlxalq siyasi-iqtisadi vəziyyət istər-istəməz məqsədlərin həyata keçirilməsində öz izini qoyacaqdır. Məhz BƏT-in dəstəyi ilə müxtəlif qlobal idarəetmə qruplarının imkanlarından istifadə etmək, onların bu məsələlərdə ölkələrlə əməkdaşlığına yardımçı olmaq da işimizin xeyrinə olardı.

Üçüncü istiqamət isə tərəfdaşlıq və fəaliyyət birliyinin təminatıdır. Sosial tərəfdaşlarla fəaliyyət istiqamətlərimizi təkmilləşdirməli və dünya təcrübəsindən bəhrələnməliyik. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsində BƏT-in yardımına böyük ehtiyac hiss edirik.

Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının sədri Oleq Budza tədbirin əhəmiyyəti barədə çıxış edib. O bildirib ki, dünyada baş verən sosial-iqtisadi dəyişiklik həmkarlar ittifaqlarının qarşısında mərhələli dayanıqlı inkişaf planları qoyur. Cəmiyyətin yeni məqsəd və vəzifələri isə kompleks xarakter daşıyır ki, bu da dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji komponentlərinin tarazlığını təmin etməlidir. Müasir dövrün bu aktual məsələsi həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqamətlərindən olmalıdır. AHİK ilə əməkdaşlıq bizə həm təcrübələrimizi bölüşməyə, həm də yeni biliklər qazanmağa imkan yaradacaq.

Albaniya Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Gazim Kalaja hər iki ölkənin xalqlarının qədim tarixə malik olduqlarını deyib. Albaniyanın Avropanın balaca ölkəsi olmasına baxmayaraq, bu dövlətin güclü vətəndaşlara malik olduğunu vurğulayıb. Azərbaycan və Albaniya həmkarlar ittifaqları arasında imzalanacaq sazişin uzunmüddətli qarşılıqlı əlaqələrin əsasını qoyacağını söyləyib.

Sonra AHİK-lə Moldova və Albaniya həmkarlar ittifaqları konfederasiyaları arasında ikitərəfli əməkdaşlıq üzrə müqavilələr imzalanıb.

Tədbirdə BƏT-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə işçilərin fəaliyyəti Bürosunun rəhbəri Serqius Qlovaskas, BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev və digərləri çıxış ediblər.

Treninq mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Azər MUSTAFAYEV