Layiqli əmək uğurun təminatıdır


Baxıldı : 129

Tarix : 2019-06-03 10:51:21


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Xəzər Rayon Komitəsində 181 nömrəli tam orta məktəbin ilk həmkarlar ittifaqı komitəsinin sədri Fatma Zeynalovanın 60 yaşının tamam olması münasibətilə tədbir keçirilib. Tədbiri açan Rayon Komitəsinin sədri Həzərxan Əbilov Fatma müəllimənin 1986-cı ildən həmin məktəbdə təsviri-incəsənət və rəsmxət müəllimi kimi əmək fəaliyyətinə başladığını deyib. 1994-cü ildə məktəbin kollektivi tərəfindən müəlliməyə etimad göstərilərək məktəb həmkarlar ittifaqı komitəsinin sədri seçilib. Bu illər ərzində o, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Onun təşəbbüsü ilə məktəbin həmkarlar ittifaqı komitəsi tərəfindən azyaşlı övladı olan və sosial müdafiəyə ehtiyac duyan işçilər, gənc müəllimlər, qabaqcıl işçilər daim diqqətdə saxlanılıb, onlara müxtəlif yardımlar göstərilib. Fatma müəllimə üzvlərin əmək, sosial-iqtisadi hüquqlarını daha yaxşı qorumaq məqsədilə həmkarlar ittifaqı haqqında qanunda olan müddəaları əsas tutub. Kollektiv müqavilənin vaxtında bağlanmasına və öhdəliklərin yerinə yetirilməsinə ciddi nəzarət edib.  

Məhz bu işlərin nəticəsi olaraq məktəbin həmkarlar ittifaqı  komitəsi 2012-2013-cü tədris ilində TİAHİ-nin “Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, əməyin mühafizəsi üzrə” keçirilən baxış-müsabiqəsində birinci yerə layiq görülüb.

Fatma müəllimə 2017-ci ildə TİAHİ-nin XVII konfransının nümayəndəsi olub. Həmçinin Xəzər Rayon Komitəsinin tərkibində fəaliyyət göstərən Münaqişə Komissiyasının sədridir.

Sonra H.Əbilov Fatma Zeynalovanı yubiley yaşı münasibətilə kollektiv adından təbrik edib.