Layiqli əməyin Azərbaycanda tətbiqi barədə məlumat verdi


Baxıldı : 61

Tarix : 2019-06-24 06:35:53


İyunun 4-dən 7-dək İrlandiyanın paytaxtı Dublin şəhərində Avropa İctimai Xidmətlər Federasiyasının (EPSU) 10-cu Konqresi keçirildi. Tədbirdə Azərbaycan Su İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Bilik Şəbəkəsinin rəhbəri Dr.Xəyalə Məmmədova “Dayanıqlı inkişaf məqsədlərinə doğru və layiqli əməyin təbliği” mövzusunda çıxış etdi. O, qlobal çağırışların həllində beynəlxalq təşəbbüslərin rolunu yüksək qiymətləndirdi.

Dedi ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub və bu layihənin həyata keçirilməsi ilə bağlı öhdəliklər götürüb. Həmin öhdəliklərin yerinə yetirilməsi məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Azərbaycanda Milli İnkişaf Strategiyasını qlobal layihələrə uyğunlaşdırmaq üçün ciddi iş aparılır və xeyli işlər görülüb. Layiqli əmək dövlətimizin sosial-iqtisadi siyasətinin əsas istiqamətini təşkil edir və məşğulluğun inkişafına, layiqli əmək konsepsiyasının reallaşmasına yönələn balanslaşdırılmış iqtisadi siyasət konkret nəticələrlə ifadə olunmuş milli prioritetdir.

Azərbaycan həmkarlar ittifaqları da əhalinin məşğulluğuna dair məsələləri daim diqqət mərkəzində saxlayır. Məşğulluq siyasətinin işlənilməsində və həyata keçirilməsində, müvafiq dövlət proqramlarının hazırlanmasında və icrasında, əmək qanunvericiliyinin təkmilləşdirilməsində fəal iştirak edir. Bundan başqa, işçilərin əmək hüquqlarının qorunmasını təmin edir, onların kütləvi şəkildə ixtisarlarının qarşısını alır, mövcud iş yerlərinin qorunub saxlanılmasına çalışır.

X.Məmmədova, AHİK-in üzvlərindən biri kimi, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin də BMT-nin Qlobal Saziş layihəsi ilə əməkdaşlıq etdiyini söylədi. Bildirdi ki, bu qurum yerli və beynəlxalq səviyyədə gənclərin məşğulluğu, əmək hüquqlarının qorunması və dayanıqlı inkişaf məqsədləri ilə bağlı mütəmadi layihələr həyata keçirir və ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edir.

Xəyalə xanım konqres çərçivəsində İrlandiyanın prezidenti cənab Maykl D.Hiqqins (Michael D. Higgins) və İrlandiyanın birinci xanımı Sabina Hiqqinslə görüşdü. Görüş zamanı onlara gündəlikdə duran məsələlərlə bağlı Azərbaycanda görülən işlər və uğurlar barədə məlumat verdi.