Lazım olan qədər vəsait nəzərdə tutulmuşdu


Baxıldı : 44

Tarix : 2019-08-09 17:44:42


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, atalarımızın müvafiq məsəlinə uyğun olaraq, necə deyərlər, yayın tədarükünü qışda görməyə başlayıb. Hələ ilin əvvəlində Respublika Komitəsinin Rəyasət Heyəti ittifaq üzvlərinin yay istirahətinin təşkili məqsədilə smetada lazım olan qədər vəsait nəzərdə tutmuşdu. Odur ki, ölkəmizin digər guşələrinə dincəlməyə göndərilən kollektivlər üçün maliyyə problemi ortaya çıxmır. İyun ayının sonlarından başlayaraq ilk turist dəstəsi G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbinin 30 nəfər kollektiv üzvü Quba şəhərinə yola salındı. Birgünlük turist səfərinə çəkilən xərcləri Respublika Komitəsi öz üzərinə götürmüşdür. Təkcə kollektivi aparıb-gətirən avtobus üçün 300 manat ödənilmişdir. Turistlər səhər və nahar yeməyi ilə təmin edilmişdilər. Onlar üçün 3 dəfə çay süfrəsi də açılmışdı. Sonrakı günlərdə Azərbaycan Milli Kitabxanasının 33 nəfər, 34 saylı Uşaq Musiqi Məktəbinin 22 nəfər, Sabunçu Rayon Mərkəzi Kitabxana Sisteminin 35 nəfər əməkdaşına da istirahət günlərini Qubada keçirmələrinə şərait yaradıldı. Onlar da Respublika Komitəsinin büdcəsi hesabına bu qədim şəhərin tarixi yerləri ilə tanış oldular, əyləndilər.

Yayın dadını Azərbaycan İstiqlal Muzeyinin 22 nəfər əməkdaşı Altıağacda, Tofiq Quliyev adına 12 saylı 11 illik Musiqi Məktəbinin 5 nəfər əməkdaşı İsmayıllıda çıxardılar.

Respublika Komitəsinin şöbə müdiri Arifə Zülfüqarova müxbirimizə dedi: “Biz çalışırıq ki, heç bir kollektiv diqqətimizdən kənarda qalmasın. Arzu edən hər bir sahə işçisi mövsüm ərzində ən azı bir dəfə təbiətin qoynunda olsun. İndiyə qədər 400 nəfərə qədər ittifaq üzvü imkanlarımızdan bəhrələnərək turist səfərlərində iştirak edib. Yayın sonuna qədər daha yüzlərlə sahə işçisini yaddaqalan, əyləncəli gəzintilər gözləyir.

ƏSLİ