Ləyaqətli əməyin layiqli qiyməti


Baxıldı : 1404

Tarix : 2019-04-12 18:02:42


Aprelin 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli dilçi-alim, tanınmış ictimai-siyasi xadim, Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nizami Xudiyevin 70 illik yubileyinə və elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov yubilyarı dövlət başçımız cənab İlham Əliyevin 4 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi münasibətilə təbrik edib.

Sonra C.Cəfərov N.Xudiyevin həyatı və fəaliyyəti haqqında geniş məlumat verib.

Deyib ki, Nizami müəllim bu təhsil ocağının inkişafında xidmətləri olan məzunlarındandır. Universitetimizdə gələcəyin pedaqoji kadrlarının yetişdirilməsi işində bir müəllim kimi ləyaqətlə çalışmaqla yanaşı, uğurlu elmi axtarışlar da aparmışdır. 1978-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi, professor elmi adı alıb.

Peşəkar pedaqoji və gərgin elmi fəaliyyətini nəzərə alaraq 1994-1996-cı illərdə universitetin rektoru vəzifəsini ona etibar ediblər.

1996-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin, 2005-2006-cı illərdə isə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri olub. 1995, 2000 və 2005-ci illərdə Milli Məclisə deputat seçilib.

Tədbirdə Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov, Baş nazirin müavini Əli Əhmədov, akademiklər İsa Həbibbəyli, Kamal Abdulla, Nizami Cəfərov, Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, professor Zahid Xəlil və başqaları çıxış edərək N.Xudiyevin fədakar alim, görkəmli ictimai-siyasi xadim olduğunu bildirdilər.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə isə çıxışında yubilyarın həmkarlar ittifaqı işçisi kimi universitetin ictimai həyatında iştirakından danışdı. Dedi ki, Nizami müəllim 1979-1991-ci illərdə universitetin həmkarlar ittifaqı komitəsinin sədri olarkən özünü ədalətli, təşəbbüskar cəsarətli kadr kimi tanıda bilmişdi. Onun sədrlikdən universitetin I prorektoru vəzifəsinə irəli çəkilməsi də məhz bu keyfiyyətləri ilə bağlı idi.

M.Cəfərzadə professor N.Xudiyevə AHİK-in 25 illik yubiley döş nişanını təqdim etdi.

Tədbir tanınmış incəsənət ustalarının konsert proqramı ilə yekunlaşdı.

Bəyalı RZAYEV