Liderlər Londonda görüşdülər


Baxıldı : 249

Tarix : 2018-06-02 02:35:19


Mayın 25-də London şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş Şurasının 18-ci görüşü keçirildi. Görüşdə Baş Şuranın üzvləri, BƏT-in baş direktoru və digər dəvət olunmuş həmkarlar ittifaqı mərkəzlərinin liderləri iştirak edirdi.

Baş Şuranın gündəliyi təsdiq olunduqdan sonra ilk olaraq kürsüyə Britaniya Həmkarlar İttifaqları Konqresinin Baş katibi Fransis O`Grady dəvət olundu. O bildirdi ki, Britaniya həmkarlar ittifaqlarının 150 yaşı tamam olur. Fransis O`Grady əsası 1868-ci ildə Mançestr şəhərində qoyulan təşkilatın keçdiyi yola nəzər saldı, əsas məqsədlərinin işçilərin hüquqlarının müdafiəsi olduğunu vurğuladı. O, çıxışında təşkilatın tarixi mahiyyətindən, eləcə də hazırkı dövrdə qarşıda duran vəzifələrdən söhbət açdı. Bildirdi ki, sıralarında 5,6 milyon üzvü birləşdirən Konqres, yarandığı vaxtda olduğu kimi, indi də əlverişli iş şəraiti, layiqli əməkhaqqı və digər əmək hüquqları uğrunda mübarizə aparır.

Xanım F. O`Gradydan sonra söz BƏT-in Baş direktoru Qay Rayderə verildi. O, Beynəlxalq Əmək Təşkilatı adından Britaniya həmkarlar ittifaqlarını yubiley münasibətilə təbrik etdi. Vaxtilə Konqresin Levepul təşkilatında çalışmış Q.Rayder yubileyin onun üçün xüsusən əlamətdar olduğunu söylədi, təşkilatın inkişafında göstərdiyi xidmətlərdən söz açdı, xatirələrini danışdı. Q.Rayder 150 illik bu tarixin bir parçası olmaqdan qürur duyduğunu bildirdi.

BHİK-in Baş katibi Şaron Barrou da yubilyarları təbrik etdi. Sonra Baş Şuranın 18-ci görüşünün əhəmiyyətindən, yaxın gələcəkdə həmkarlar ittifaqı təşkilatlarının fəaliyyət prioritetlərindən danışdı. Baş katib 1979-cu ildə Braziliya Həmkarlar İttifaqları Konfederasiyasını qurmuş, sonra da Braziliya prezidenti seçilmiş Luis İqnasio Lula Da Silvaya hazırkı ölkə rəhbərliyinin əsassız korrupsiya iddialarına qarşı münasibət bildirərək qeyd etdi ki, dünya həmkarlar ittifaqları Lulanın arxasındadır. Ş.Barrou bütün üzv təşkilatları onu müdafiə etməyə çağırdı.

Tədbirdə ən çox əks-səda doğuran məsələ Qazaxıstanda həmkarlar ittifaqları hərəkatının vəziyyətinin müzakirəsi oldu. Bildirildi ki, son iki ildə Qazaxıstanda həmkarlar ittifaqı təşkilatlarının üzləşdiyi vəziyyətlə əlaqədar BHİK bu ölkəyə missiyalar göndərmişdir. Missiyanın rəhbəri, BHİK-in baş katibinin müavini Yaap Vinen çıxış edərək bildirdi ki, ölkədə kollektiv müqavilələr bağlamaq hüququnun mövcud olmasına baxmayaraq, qanunlar və normalar həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini məhdudlaşdırır. Missiyanın dövlət və hökumət orqanlarının rəhbərləri ilə görüşlərində yeni qanunların qəbulu, əlavə və dəyişikliklərin edilməsi məsələlərini qaldırdığı xüsusi qabardıldı. Alternativ həmkarlar ittifaqının həbs olunmuş üzvlərinin azad olması tələb edildi. Qeyd olundu ki, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası (QHİF) ölkə rəhbərliyinin həmkarlar ittifaqı təşkilatlarına olan təzyiqi qarşısında susur və adekvat münasibət göstərmir. Missiyanın üzvlərindən bəziləri çıxış edərək bildirdilər ki, QHİF-in yeni rəhbərliyi demokratik əsaslarla seçilməyib, onların fəaliyyətləri BHİK-in demokratik prinsiplərinə uyğun gəlmir. Tələb olundu ki, Qazaxıstanın ənənəvi həmkarlar ittifaqı təşkilatı olan QHİF üzvlükdən kənarlaşdırılsın. Elə bu ərəfədə iştirakçılara Qazaxıstanda fəaliyyət göstərən hər iki həmkarlar ittifaqı mərkəzindən göndərilmiş müraciətlər paylandı. Ölkədəki vəziyyətin tezliklə yaxşılaşacağı vəd olunan müraciətlər qızğın müzakirələrin üzərinə sanki su səpdi. Qərara alındı ki, bu ölkədəki vəziyyət bir müddət də diqqətdə saxlanılsın, əgər QHİF-in fəaliyyətində dəyişiklik olmasa, digər görüşdə bu təşkilatın üzvlükdən kənarlaşdırılması məsələsi müzakirə olunsun.

Baş Şurada qurultaya hazırlıq məsələləri də müzakirə olundu. Görüş iştirakçılarına BHİK-in növbəti qurultayının proqramı təqdim edildi. BHİK-in Baş katibi tərəfindən qeyd olundu ki, qurultay 2-7 dekabr 2018-ci il tarixdə Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçiriləcəkdir. Dekabr ayının 5-də qurultay nümayəndələri  1 günlük İsveçin Malmö şəhərinə səfər edəcəklər. Qurultay internet üzərindən canlı yayımlanacaq və bir neçə dilə sinxron tərcümə olunacaqdır. Tədbirin təqribi büdcəsi açıqlandı, üzv təşkilatlardan xahiş olundu ki, maddi imkanı olmayan təşkilatların qurultayda iştirakını təmin etmək üçün yardımlar etsinlər.

Nizamnaməyə əlavə və dəyişikliklərin müzakirəsi sakit keçdi. Təşkilatların səsvermə hüququ ilə bağlı məsələ isə əsas müzakirə obyekti oldu. Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının prezidenti Mixail Şmakov çıxış edərək bildirdi ki, üzv təşkilatlarının səsvermə hüququ hər bir təşkilatın BHİK-də təmsil olunan və buna görə üzvlük haqqı ödənilən üzvlərinin sayına uyğun olmalıdır.

Sonra qadınlar və gənclər komitələrinin rəhbərləri çıxış etdilər. Qərara alındı ki, qurultayda qadınların sayı nümayəndələrin yarısını, gənclər isə 15 %-dən artıq təmsil olunsunlar.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını bu qurumun sədr müavini Aqil Dadaşov və beynəlxalq şöbənin müdir müavini Fuad Məmmədov təmsil edirdilər. Nümayəndə heyəti tədbirdə müzakirə olunan məsələlərə münasibət bildirdi, eləcə də bir sıra görüşlər keçirdi. Çin Əmək Federasiyasının sədri Çen Çieh, Amerika Əmək Federasiyasının prezidenti Riçard Trumka, Sinqapur Həmkarlar İttifaqları Mərkəzinin prezidenti Con Payva, Cənubi Koreya Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Yang Dang, İtaliya Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyətləri ilə görüşlər xüsusən əhəmiyyətli idi. Bu görüşlərdə əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Səfərin yaddaqalan hadisələrindən biri də Britaniya Həmkarlar İttifaqları Konqresinin 150 illik yubileyinə həsr olunmuş rəsmi ziyafət idi. Ziyafətdə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev adından yubilyarlar təbrik olundu və Konqresin prezidenti Fransis O`Gradyeyə hədiyyə təqdim edildi.