İlin idman cəmiyyəti


Baxıldı : 216

Tarix : 2016-01-09 03:51:00


Milli Olimpiya Komitəsinin mətbu orqanı olan \ Olimpiya dünyası\ qəzeti 2015-ci ilin yekunları ilə bağlı idman federasiyaları, klubları, idman cəmiyyətləri arasında sorğu keçirib. Müxtəlif nominasiyalar üzrə keçirilən sorğunun nəticələrinə uyğun olaraq qaliblər müəyyənləşib. Fərqlənənlər arasında \ Zenit\ İdman Cəmiyyətinin də adı var. Təşkilat ilin idman cəmiyyəti adına layiq görülüb. Sevindirici haldır ki, ölkədə bədən tərbiyəsi və idman hərəkatında müəyyən mövqe tutmağı bacaran \ Zenit\ İC-nin idmançıları indiyədək Avropa və dünya birinciliklərində, Olimpiya oyunlarında Azərbaycanı layiqincə təmsil edərək yüksək nailiyyətlər əldə ediblər.O cümlədən 2015- ci il də cəmiyyət üçün uğurlu olub. Cəmiyyətin təmsilçiləri təcrübəli məşqçilərin rəhbərliyi altında ölkə, qitə və dünya birinciliklərində mükafatalayiq yerlər tutublar. Bu sırada ölkəmizdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarını qeyd etmək lazımdır. Yarışlar zamanı idmançılarımızın əldə etdikləri qələbələr və qazandığı medallar ölkəmizin idman arenasında nüfuzunu bir daha yüksəltdi. Mükafat qazanan idmançılar arasında \ Zenit\ İC-nin yetirməsi Cəbrayıl Həsənov da olub. Təcrübəli məşqçi Aslan Ağayevin rəhbərliyi altında bir sıra idman uğurlarına imza atan Cəbrayıl Həsənov sərbəst güləş yarışlarında 74 kq. çəki dərəcəsində mübarizə apararaq birinci Avropa Oyunlarının bürünc medalını qazanıb. Qələbə seriyasını davam etdirərək noyabrın 27-də Bakı İdman Sarayında keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə \ Qızıl Qran-pri\ beynəlxalq turnirinin qızıl medalını boynundan asıb. İl ərzində fərqlənən idmançıların sırasına Əfqan Xaşalovu, Nofəl Babayevi, Elnur Əsədovu və digər güləşçiləri də aid etmək olar. Ümumiyyətlə, cəmiyyətin uğurları təkcə güləşçilərin əldə etdiyi qələbələrlə bitmir, idmanın müxtəlif sahələrində qazanılan nailiyyətləri də əhatə edir. Hər il olduğu kimi, bu ildə də \ Zenit\ İdman Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Respublika Spartakiadası keçirilib. Spartakiadanın qaliblərinə Fəxri Fərman və hədiyyələr təqdim olunub.Əlbəttə, cəmiyyət tərəfindən keçirilən yarışların sayı bununla yekunlaşmır. Vurğulamaq olar ki, bu qurum idmanın kütləviliyi istiqamətində gördüyü işləri davam etdirir. Məşqçilərin səyi, yüksək peşəkarlığı sayəsində gənc idmançılar yetişir və onların zəfər səsi beynəlxalq arenadan gəlir.AZƏR