Ölkəmizin inkişafında, müstəqilliyində müstəsna rol oynayan tarix


Baxıldı : 249

Tarix : 2016-06-10 08:00:00


15 İyun xalqımızın Milli Qurtuluş Günüdür. Bu şanlı tarix səhifəsini yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan, daim xalqına arxalanan bir insan - Heydər Əliyevdir.1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü və respublikada hökm sürən hərc-mərclik vəziyyəti gərginləşdirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.Vətənin bu ağır dövründə onun harayına yenə də ümummilli lider Heydər Əliyev yetişdi. Nəhayət, xalqın təkidli tələbini nəzərə alaraq 1993-cü il iyunun 9-da Bakıya döndü. Parlamentin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və dövlətçiliyimiz yox olmaq təhlükəsindən qurtuldu.Uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi.Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Azərbaycanın bugünkü uğurları qurtuluş məfkurəsi ilə əlaqədardır. 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkədə sabitliyi təmin etdi. Bundan sonra isə müstəqil, hüquqi-demokratik dövlət quruculuğuna başlanıldı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Dünyanın tanınmış neft şirkətləri ilə \ Əsrin müqaviləsi\ və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına, yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi.Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Əlbəttə ki, bu gün qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız misli görünməmiş sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir dövlətdir. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmiş, ömür yolu doğma vətənə xidmət nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmuşdur. 1997-ci ildə millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.