Lombardlar yenidən fəallaşır


Baxıldı : 240

Tarix : 2015-10-02 06:44:00


Respublikamızda son dövrlər bank sektorunda olan problemlər lombardların yenidən fəallaşmasına səbəb olub. Burada ilk baxışdan qeyri-adi heç nə yoxdur. Çünki lombardlar borc verirlər, vətəndaşlar isə bundan faydalanırlar. Amma məsələ heç də göründüyü kimi sadə deyil. Banklardakı gərginlik lombardlarin təklif etdiyi borclar üzrə faizləri artırmasına gətirib çıxarıb. Çünki kredit almağa tələb artsa da, banklar əvvəlki kimi kredit verə bilmir. Lombardlar isə bu vəziyyətdən maksimum yararlanmağa çalışırlar. Digər tərəfdən isə, lombardlarda girovun qiymətləndirilməsi mexanizmi yoxdur. Onlar 2000 manat borc verəndə 4000 manatlıq qızıl-zinət əşyalarını girov kimi tələb edirlər. Bu isə o deməkdir ki, yüksək faizlə verilən pul girovun təxminən yarısı dəyərində olur. Faizlər yüksək olduğundan pulun geri ödənilməsində risk faktoru yüksəkdir. Nəticədə isə itirən yenə də vətəndaş olacaq. Digər bir problem isə odur ki, daha çox zirzəmilərdə yerləşən lombardlar istənilən zaman yoxa çıxa bilər. Bu sahədə xidmətin davamlılığına zəmanət yoxdur.Məsələyə münasibət bildirən bank üzrə ekspert Əkrəm Həsənov deyir ki, bu sahədə ciddi problemlər qalmaqdadır: \ Azərbaycanda lombardın verdiyi kredit vaxtında ödənilmədikdə, girov predmeti dərhal \ batır\ . Halbuki bu, qanunvericiliyə ziddir. Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən, lombard girov predmeti olan əşyanı yalnız açıq hərracdan sata bilər. Bu isə o deməkdir ki, əşyanı girov qoyan (yəni borc alan) özü də açıq hərracdan əldə edə bilər. Lakin lombardlarımız açıq hərrac təşkil etmir. Sadəcə, müştərinin əşyasını mənimsəyirlər. Faktiki olaraq oğurlayır. Halbuki Mülki Məcəllənin 302.5-ci maddəsinə görə, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Xatırladıram ki, həmin Məcəllənin 302.6-cı maddəsinə uyğun olaraq isə lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Yeri gəlmişkən, lombardların qanunsuz əməlləri bununla bitmir. Belə ki, məsələn, Mülki Məcəllənin 302.4-cü maddəsinə əsasən, lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda əşyanın bazar qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Təcrübədə lombardlar, bir qayda olaraq, bu vəzifələrini icra etmir\ .Ekspert deyir ki, Azərbaycanda lombardların fəaliyyəti qanunsuzdur: \ Mülki Məcəllənin 302.1-ci maddəsi lombardların fəaliyyətinin lisenziyalaşdırılmasını tələb etsə də, lisenziyanı verməli olan dövlət orqanı hələ də müəyyən edilməyib. Buna görə də lombardlar lisenziyasız və heç bir nəzarət olmadan fəaliyyət göstərir.Digər tərəfdən, lombardların əksəriyyətinin kapitalı (öz vəsaiti) gülünc məbləğ (2 manatdan 200 manatadək: yəni bunun hesabına kredit verirlər həqiqətən?) təşkil edir. Belə çıxır ki, bizim lombardlar kreditləri öz vəsaitləri deyil, cəlb edilmiş vəsaitlər hesabına verir. Yəni birindən (görəsən kimdən?) aşağı faiz dərəcəsi ilə borc alıb, digərinə yüksək faiz dərəcəsi ilə kredit verir. Başqa sözlə, əslində bizim lombardlar qanunsuz bank fəaliyyəti ilə, yəni cəlb edilmiş pul vəsaitləri hesabına kredit fəaliyyəti ilə məşğul olur\ .Xalid AZƏR