Müasir dövrün aktual problemi - depressiya


Baxıldı : 251

Tarix : 2015-11-06 04:31:00


Müasir dövrdə şəhərlərdə yaşayan insanların əksəriyyətində fiziki gərginliklərin azalması fonunda sinir-psixoloji gərginliklərin xeyli dərəcədə artması müşahidə edilir. Əsas səbəbi isə zehni gərginlik, informasiya bolluğu, nəqliyyat, məişət və s. problemlərdir. Nəticədə isə sinir sistemi xeyli dərəcədə əziyyətə məruz qalır. Ürək-qan damar sistemi ilə sinir sistemi arasında sıx qarşılıqlı əlaqə mövcud olduğu üçün, bu ona da öz təsirini göstərir. İstənilən güclü emosiya insan orqanizmində bu və ya digər reaksiyaya səbəb olur.Daha bir güclü stress mənbəyi olan kütləvi informasiya vasitələrini də qeyd etmək lazımdır. Məşhur rus müəlliflərindən birinin qəhrəmanı olan həkim öz pasiyentlərinə deyirdi: Yeməkdən qabaq qəzet oxumayın, bu, həzm prosesinin pisləşməsinə səbəb olur\ . Beyninizi müharibələr haqqında, insanların iztirabları, kriminal hadisələri və digər bunlar kimi xoşagəlməz məlumatlarla doldurmayın.Stress bu gün insanların dilindən ən çox eşitdiyimiz sözlərdən biridir. Əslində biz stressin nə olduğunu bilirikmi? Depressiya stressdən necə fərqlənir? Ümumiyyətlə, bu anlayışların arasında bir fərq varmı? Bu suallarımızı Medistyle Psixonevroloji Sağlamlıq Mərkəzinin həkim psixiatrı, Orxan Fərəcli cavablandırdı. O, bildirdi ki, stress ayrı-ayrı situasiyalarda orqanizmin verdiyi cavab reaksiyasıdır. Bu, əslində nisbi anlayışdır. Bir nəfər üçün stress ola biləcək məsələ digəri üçün adi gündəlik həyat tərzidir. Məsələn, hündürmərtəbəli bir binanın lap kənarında dayandığınızı düşünün və bir də həmin yüksəkmərtəbəli binaları xüsusi vasitələrlə təmizləyən insanları. Hər ikisi üçün eyni qıcıq mənbəyidir, amma biri üçün ciddi stressdir, digəri üçün adi işdir. Yəni stress orqanizmə, fərdə görə dəyişən bir məsələdir. İş yerini itirmək, maddi təminatın aşaği olması ən ciddi stresslər siyahısındadır. Əgər bu iş yeri çətinliklə əldə olunubsa və işləyən adam ailənin yeganə gəlir gətirən üzvüdürsə, stress birə on qat artır. Çünki şəxs heç bir vəchlə işini itirmək istəməyəcək və bunun naminə hər bir stressə, çətin əmək şəraitinə, kobud müdiriyyətə və ya özündən razı kollektivə dözməli olacaqdır. Aydın məsələdir ki, belə gərgin iş rejimi o insanı yorub əsəblərini sıradan çıxaracaqdır.Stress adi qıcıq olduğu halda, depressiya konkret bir xəstəlikdir. Ən azı 2 həftədən çox davam edən kefsizlik, özünəqapanma, ağlama, kövrəlmə, bəd düşüncələr, yuxunun, iştahanın pozulması ilə gedən bir xəstəlikdir. Yəni hər dəfə kefimiz aşağı olanda bu o demək deyil ki, biz depresiyyadan əziyyət çəkirik. Həkimin sözlərinə görə, depressiya özlüyündə birbaşa tibbi fəsad verməsə də, insanın ciddi mənada günlük həyatına, insanlarla ünsiyyətinə, sosiallığına təsir edən bir xəstəlikdir. Ən qorxduğumuz ağırlaşması isə intihar hallarıdır.\ Depressiyaya hansı tip insanlar düşür\ sualının konkret cavabı yoxdur. Hər kəs düşə bilər. O.Fərəcli qeyd etdi ki, Azərbaycanda insanlar zərurət yaranmadıqca, problemləri pik həddə çatmayınca psixoloq və psixiatra getmək ehtiyacı hiss etmirlər. Getdikdə isə bir görüşdən sonra müsbət nəticə istəyirlər.Günel RAFAYILQIZI