Məhsulların keyfiyyətinə zəmanət istəyir


Baxıldı : 210

Tarix : 2016-04-30 06:38:00


Rusiya Azərbaycandan aldığı məhsulların keyfiyyətinə nəzarəti artırmağa başlayıb. Türkiyədən ixrac edilən kənd təsərrüfatı məhsullarına qadağa qoyulduqdan sonra ruslar azərbaycanlı ticarətçilərin yerli mal adı altında türk şirkətlərinin meyvə-tərəvəzlərini satmasından şübhələnirlər. Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvert bildirib ki, son 3 ayda Azərbaycan əvvəlki ilin eyni dövrü ilə müqayisədə Rusiyaya pomidor ixracının səviyyəsini 4-5 dəfə artırıb. Həmin malların hamısının Azərbaycan istehsalı olmasına şübhə etdiyini açıqlayan Dankvert deyib ki, burada Türkiyə kənd təsərrüfatı məhsullarının olub-olmaması araşdırılacaq. Rusiya Türkiyə mənşəli məhsulların Azərbaycan məhsulu adı altında ixrac olunmasını istəmir. Belə hallar olduğu təqdirdə ölkəmizdən kənd təsərrüfatı məhsullarının ixracının dayandırılacağını bildirir. Azərbaycan isə bu şübhələrə son qoymaq üçün rusiyalı mütəxəssisləri ölkəmizə dəvət edib və bu məqsədlə ötən həftə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin əməkdaşları respublikamızda yetişdirilən tərəvəz sahələrində olublar. Ruslar Bakıətrafı kəndlərə və bölgələrə səfər edərək yaradılan istixanalara gedərək xarici dövlətlərə ixrac üçün nəzərdə tutulan tərəvəz məhsulları, əsasən də pomidor sortlarının yetişdirilmə texnologiyası, qablaşdırılması və yüklənməsi ilə yaxından tanış olublar. Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin bir neçə laboratoriyasına baş çəkən rusiyalı mütəxəssislər daxili bazarda satışa çıxarılan və ya xaricə ixrac edilən kənd təsərrüfatı məhsullarının laborator analizinin nəticələri və sertifikatların verilməsi prosesi ilə tanış olublar. KTN-dən verilən məlumata görə, araşdırmalar rusların şübhələrini azaldıb. Onlar Azərbaycan istehsalı olan daha çox meyvə-tərəvəz almaq istəyirlər. ELBRUS