Məşhur brend və rəzil işəgötürən


Baxıldı : 232

Tarix : 2015-03-14 03:05:00


Bütün dünyada məşhur olan Hugo BOSS geyim brendi Türkiyənin İzmir şəhərində yerləşən istehsal fabrikində çalışan işçilərin həmkarlar ittifaqı birliyi yaratmasına qarşı müxtəlif əngəllər törədir. Şirkət rəhbərliyinin həmkarlar ittifaqı fəallarını qəddarcasına işdən çıxarması Türkiyə Ali Apelyasiya Məhkəməsi tərəfindən də təsdiq olunub. Son üç il ərzində ölkənin toxuculuq, trikotaj və geyim sənayesi işçilərinin həmkarlar ittifaqı (TEKSİF) Hugo BOSS-un İzmirdə yerləşən fabrikində çalışan insanlara həmkarlar ittifaqı birliyi yaratmaqda köməklik göstərir. İşçilərin əməkhaqlarının yaşayış minimumuna çatdırılması uğrunda apardıqları mübarizəyə baxmayaraq, tam əksəriyyətinin gəlirləri yoxsulluq səviyyəsi həddindən aşağıdır. Onlar şirkətin qərarına əsasən əlavə iş saatlarında işləməyə məcburdurlar. Bundan başqa, sosial müavinətlərdən və iş yerlərində səs vermək hüququndan da məhrum ediliblər.Qlobal fəaliyyətində beynəlxalq səviyyədə qəbul edilmiş əmək standartlarına riayət olunması barədə ictimai bəyanatlarına baxmayaraq, Hugo BOSS-un İzmirdəki fabrik rəhbərliyi 3000 türk işçinin əsas hüquqlarını pozur. Həmkarlar ittifaqı tərəfdarları hədələrlə üzləşir, cəzalara məruz qalır və sonda işdən azad edilirlər. 2011-ci ildən 2014-cü ilədək davam edən məhkəmə prosesləri həmkarlar ittifaqını dəstəkləyən 20 işçinin qanunsuz işdən çıxarıldığını sübut edib. Buna oxşar 8 işə hələ də məhkəmədə baxılır. Ali Apelyasiya Məhkəməsi təsdiq edib ki, işçilər həmkarlar ittifaqlarına üzv olduqları üçün işdən çıxarılıblar. Buna görə onların yenidən işə bərpa olunmasını qərara alıb. Şirkətə bu barədə göstəriş verilsə də, rəhbərlik digər varianta əl ataraq həmin işçilərə əlavə kompensasiya ödəyib, iş yerinə qayıtmalarına icazə verməyib. Məhkəmə çəkişmələrinə məhəl qoymayan fabrikin idarə heyəti 2015-ci ilin fevralında daha 3 həmkarlar ittifaqı fəalını qanunsuz olaraq işdən qovub.İzmirdə baş verən bütün proseslər ərzində Hugo BOSS TEKSİF-in problemləri sosial dialoq çərçivəsində həll etmək təklifinə heç bir halda razılıq verməyib. Hətta dünyanın aparıcı həmkarlar ittifaqlarının şirkətin baş ofisinə ünvanladıqları müraciətlər də cavabsız qalıb.Hugo BOSS-un təchizat şəbəkəsinə daxil olan əksər firmalarda da ciddi problemlər müşahidə olunur. Türkiyədə yerləşən şirkətin əsas təchizatçısı \ Edirne Giyim\ də həmkarlar ittifaqı fəallarını qanunsuz olaraq işdən azad edib. Burada da məhkəmə proseslərində sübut olunub ki, həmin işçilər həmkarlar ittifaqlarına üzv olduqları üçün işdən çıxarılıblar. Nəticədə \ Edirne Giyim\ in işçi heyəti üzrə meneceri və bir sıra rəhbər şəxsləri təqsirli bilinərək həbs cazasına məhkum olunublar. Qeyd edək ki, İzmirdəki fabrik ölkənin geyim sənayesinin ən böyük müəssisəsidir və o, əmək münasibətlərinin qorunması baxımından digərləri üçün nümunə ola bilərdi.Elçin ZAKİRİ