Məişət zorakılığını doğuran səbəblər


Baxıldı : 222

Tarix : 2016-02-19 04:54:00


Son vaxtlar ailədaxili zorakılıq hallarının sayı nəzərəçarpacaq dərəcədə artıb. İş o yerə çatıb ki, əvvəllər bir-birini ən pis halda təhqir edən cütlüklər, indi soyuq silaha, bıçağa, baltaya əl atmaqdan belə çəkinmirlər. Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Mövzumuzla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Elgün Səfərovla əlaqə saxladıq. O, bildirdi ki, \ məişət zorakılığı\ keçmiş patriarxal adət-ənənələrin üstünlük təşkil etdiyi regionlarda daha qabarıq şəkildə müşahidə olunur. Qadınlara qarşı yönəlmiş zorakılıq qadınlar, uşaqlar, ailələr və icmalar üzərində sarsıdıcı fiziki, emosional, maliyyə və sosial təsirlər yaradır. Ailədaxili məişət zorakılığı münaqişələr, xüsusən də stereotiplərə əsasən baş verir.E.Səfərova görə, ailədə baş verən və nəsildən-nəsilə ötürülən zorakılıq hallarının əsas səbəblərindən biri də gender təmayüllü tərbiyədir, yəni bu, qızların və oğlanların ailə və cəmiyyətdəki mövcud tərbiyə metoduna bağlıdır. Uşaq, cinsindən asılı olaraq, müxtəlif tərbiyə alır, bu da uşaqlara müxtəlif rolların, dəyərlərin, davranış tərzinin təkidlə qəbul etdirilməsində özünü büruzə verir. Oğlanların tərbiyəsi təcavüzkarlıq, qızların isə heysiyyətini alçaltma xüsusiyyətlərini daşıyır. Birmənalı olaraq qeyd etmək lazımdır ki, oğlanlar gələcək ər və ata kimi deyil, yalnız bir kişi kimi tərbiyə olunurlar. Oğlanların tərbiyəsi hansısa bir kişi idealına istiqamətləndirilir, bu ideal müxtəlif zamanda və müxtəlif ölkədə fərqli ola bilər. Qızları isə həyat yoldaşı və ana olmaq üçün hazırlayırlar. Bir qayda olaraq, bir çox hallarda qadın bir şəxsiyyət, mütəxəssis, ictimai xadim olmaqla yanaşı, mütləq bir həyat yoldaşı kimi də cəmiyyət tərəfindən qiymətləndirilir. Əgər qadın tənha və yaxud boşanmışsa, cəmiyyətdə onun haqqında müxtəlif söz-söhbətlər, kütləvi müzakirələr aparılır. Belə hallarda hətta cəmiyyətin nəzarəti haqqında belə danışmaq olar. Bu, demək olar ki, cəmiyyətdə gender davranışının sosial tənzimləməsinin ənənəvi metodlarıdır.Psixoloq Günel Aslanova da qeyd etdi ki, bərabərsizlik elə uşaqlıqdan yaranır: \ Əvvəllər əmək dərsləri belə ayrı-seçkiliklə keçirilirdi. Dərslər oğlanlara tikinti və ya dülgərlik, qızlara isə tikiş və aşbazlıq öyrətməklə keçirdi. Bundan başqa, bəzi ailədə də oğlanlarla qızlar arasında tərbiyə üsulu fərqli tətbiq olunur. Qızlara oğlanlarla ünsiyyətdən çəkinməyi, çox danışmamaq tələb olunması ən böyük gender ayrı-seçkiliyidir\ .Daha bir problem isə, ailəsində daimi zorakılıq görən qadın boşanmağa can atmır. Ailə zorakılığına qarşı qadınların dözümlülüyünün səbəblərindən danışan E.Səfərov iqtisadi asılılığı önə çəkdi: \ Ailə mülkiyyəti əksər hallarda kişinin adına tərtib olunur. Birgə ailə həyatı prosesində qadının ailə büdcəsinə daxil etdiyi əmək töhfəsi dəyərləndirilmir. Boşanma qadını bir çox maddi nemətlərdən məhrum edir. Bəzi hallarda onun heç getməyə belə yeri olmur və hətta özünün pul qazanmaq qabiliyyətini bildiyi halda belə, qadınlar zorakı ərlə boşanmağa tələsmirlər. Çünki artıq ər və bir çox hallarda onun ailəsi tərəfindən təhdid və şantaja əl atılır. Bir sözlə, ailədə iqtisadi zorakılıq varsa, orda mütləq fiziki və psixoloji zorakılıq da var \ .Psixoloq ailədaxili problemlərin uşaqlara təsirindən danışarkən qeyd etdi ki, belə ailələrdə böyüyən uşaqlar aqressiv, özünəqapanıq olurlar. Hətta onların dərslərində də ləngimələr baş verir. Müəllimlər isə bunu tənbəllik, məsuliyyətsizliklə əlaqələndirirlər. Uşaq isə bu davranışdan ikinci zərbəni almış olur.Ona görə də məktəblərdə sosial işçilər, psixoloqlar hər bir şagirdlə ayrı-ayrılıqda məşğul olmalı, bütün bu problemləri yaradan səbəbləri öyrənməli və həmin uşaqların valideynləri ilə maarifləndirmə işləri aparmalıdırlar.Erkən nikahlardan danışan E.Səfərov qe yd etdi ki, bu, cəmiyyətimizin daim narahatlığına səbəb olan bir mövzu olub. İllərdir ki, bu mövzu müzakirə edilir, fəsadları araşdırılır. Düzdür, son illər əvvəlki dövrlə müqayisədə ölkəmizdə erkən nikahlara daha az rast gəlinir. Amma yenə də var.E.Səfərov zorakılığa məruz qalmış qadınlar üçün dövlət sığınacaqlarının yaradılmasının vacibliyini də qeyd etdi: \ 10 qeyri - hökumət təşkilatı məişət zorakılığı ilə bağlı sığınacaqların və yardım mərkəzlərinin yaradılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında akkreditasiyadan keçmişdir. Bu sığınacaqlar Bakı, Gəncə, Sumqayıt kimi böyük şəhərlərimizdə və regionlarımızda fəaliyyət göstərir. Ancaq, yenə də qeyd etmək istərdim ki, dövlət qurumları və onların nəzdində belə bir sığınacaqların, yardım mərkəzlərinin yaradılmasına ehtiyac var\ .Aliyə SƏMƏDOVA