Əmək mü...


Baxıldı : 439

Tarix : 2015-11-27 06:22:00


Əmək müqaviləsi bağlayaraq işə qəbul olunan zaman işçilərə sınaq müddəti təyin edilir. 17 yaşım var. İşə qəbul olunarkən mənə sınaq müddəti neçə ay müəyyən ediləcək?Adilə NƏZƏROVA,Sumqayıt şəhəri.-Əmək Məcəlləsinə əsasən, işə qəbul edilərkən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən etməklə bağlanıla bilər. Sınaq müddətinin aşağı həddi müəyyən edilməsə də, Əmək Məcəlləsinin 51-ci maddəsinə görə, \ Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir\ . Sınaq müddəti dövründə işçinin özünü doğrultmamağı əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi üçün əsasdır.Bəzi kateqoriya işçilər var ki, onlarla əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilmir. Belə işçilərin siyahısı \ Sınaq müddəti müəyyən edilməyən hallar\ adlanan 52-ci maddədə verilmişdir. Yaşı 18-dən az olan şəxslər də həmin siyahıya daxil edilmişdir.Yaşınız 18 olmadığı üçün əmək müqaviləsi bağlanan zaman işəgötürən Sizə sınaq müddəti müəyyən etməyəcək.Xahiş edirəm, hamiləliyə və doğuşa görə xəstəlik vərəqəsinin verilmə qaydasını izah edəsiniz. Mənə xəstəlik vərəqəsi verilməmişdən əvvəl doğuş baş verdi. Uşağım ölü doğuldu. Bilmək istəyirəm, bu halda mənə xəstəlik vərəqəsi veriləcəkmi? Hamiləliyim otuz həftə olmamışdı.Sevinc VƏLİYEVA,Bakı şəhəri.-Hamiləliyə və doğuşa görə xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi sığorta haqları ödəyən qadınlara müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsi zamanı verilir. Hamiləliyə və doğuşa görə sosial məzuniyyətlər də elə həmin xəstəlik vərəqəsi əsasında verilir.Qeyd olunan xəstəlik vərəqələrinin verilməsi Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş \ Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında\ Təlimatla tənzimlənir.Təlimata əsasən, belə xəstəlik vərəqələri doğuş baş vermiş müalicə idarəsində dəyişdirmə vərəqəsindəki qeyd əsasında qadın məsləhətxanaları tərəfindən, belə məsləhətxanalar olmadıqda isə ümumi müalicə-profilaktika idarələri tərəfindən verilir.Sualınızdan məlum olur ki, doğuş otuz həftəlik hamiləlik müddətinə qədər baş vermişdir. Bu hallarda xəstəlik vərəqəsinin verilmə qaydası da qeyd etdiyimiz Təlimata əsasən aparılır.Doğuş otuz həftəlik hamiləlik müddətinə qədər baş verdikdə və diri uşaq doğulduqda 140 təqvim günü müddətinə xəstəlik vərəqəsi verilir. Sizin halda isə xəstəlik vərəqəsi, uşaq ölü doğulduğu üçün, 126 təqvim günü müddətinə veriləcək və çalışdığınız müəssisədən də verilən xəstəlik vərəqəsi əsasında müavinət ödəniləcək. Yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir?Şəmsiyyə ƏLİYEVA,Beyləqan rayonu.-\ Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə\ nin 74-cü maddəsinə əsasən, işləyən valideynə müavinət onun iş yeri üzrə uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən, əgər hər hansı bir səbəbdən uşağın valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi mərkəzləri vasitəsilə ödənilir. Uşaq doğuşuna görə müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.Rayon icra məmurları tərəfindən mənə bildirdilər ki, icra əmrinə görə mən müəyyən məbləğ ödəməliyəm. Amma heç bir məhkəmə olmayıb. Mənə dedilər ki, bu cür işlərə görə qətnamə çıxarılmır, məhkəmə ancaq əmr verir, bu, mümkündürmü? Hansı işlərə ancaq əmr qaydasında baxılır, əmrdən şikayət vermək olurmu?Səbuhi MƏMMƏDOV,Bakı şəhəri.- Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 23-cü fəsli bütövlükdə əmr icraatına həsr edilib. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir.Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir.MPM-in 276.2.maddəsinə görə, məhkəmə əmri aşağıdakı hallarda verilə bilər:-tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa;- tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa;-tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa;-tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə;-tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əməkhaqqı barəsində verilmişdirsə;-tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə;-tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə;- tələb məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barəsində verilmişdirsə. Məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır.Məhkəmə əmri hakim tərəfindən imzalanır və 3 gün müddətində onun surəti təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir.Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir.Amma 282-ci maddənin tələblərinə uyğun olaraq borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Əgər etiraz vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar iddia icraatına keçir.III qrup əliləm. Bu il əmək stajım 5 il oldu. Bizim idarədə çalışan işçilərin 5 il stajı olanlara əlavə 2 gün məzuniyyət verilir. Mən məzuniyyətə çıxanda isə 2 gün əlavə məzuniyyət verilmədi. Bu, düzgündürmü?Həsən ƏSGƏROV,Beyləqan rayonu.-Əmək Məcəlləsinə uyğun olaraq işçilərə 21 təqvim günündən az olmayaraq ödənişli əsas məzuniyyət verilir. İşçilərin hansı kateqoriyalarına neçə gün əsas məzuniyyətlərin veriləcəyi də həmin Məcəllənin ayrı-ayrı maddələri ilə müəyyən olunur. Əmək Məcəlləsinin 116-cı maddəsində isə əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası göstərilmişdir. Belə ki, işçilərə:beş ildən on ilədək əmək stajı olduqda - 2 təqvim günü;on ildən on beş ilədək əmək stajı olduqda - 4 təqvim günü;on beş ildən çox əmək stajı olduqda - 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.Çalışdığınız müəssisədə də işçilərə əmək stajından asılı olaraq göstərilən əlavə məzuniyyətlərin verilməsi qanunauyğundur.Lakin qanunvericiliyə görə, əlavə məzuniyyətlər bəzi işçilərə verilmir, hansı ki, bu qrupdan olan işçilər üçün əsas məzuniyyət günlərinin sayı daha fərqli olur. Əlillər də belə işçilər qrupuna aiddir. Fizioloji keyfiyyətləri ilə bağlı əlillərə verilən məzuniyyətlərin müddəti Əmək Məcəlləsinin 119-cu maddəsində qeyd edilmişdir: \ Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti azı 42 təqvim günü verilir\ (Əmək Məcəlləsinin 119-cu maddəsinin 2-ci hissəsi).III qrup əlil olduğunuz üçün, əmək stajınızdan asılı olmayaraq, 42 təqvim günü məzuniyyətdən istifadə edirsiniz. Əmək Məcəlləsinin yuxarıda qeyd etdiyimiz 116-cı maddəsinin 3-cü hissəsində deyilir ki, \ əmək stajına görə əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə şamil olunmur\ . 119-cu maddə isə qeyd etdiyimiz kimi əlillərə aiddir. Odur ki, işəgötürən 5 il əmək stajına görə Sizin məzuniyyətinizə 2 təqvim günü əlavə etməməkdə haqlıdır.