Əməkdaşlığın perspektivləri müzakirə edilmişdir


Baxıldı : 233

Tarix : 2015-11-20 05:44:00


Noyabrın 9-11-dək Brüsseldə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin növbəti iclası keçirilmişdir. Avropa regionu üzrə 45 üzv təşkilatın təmsil olunduğu tədbirdə Azərbaycanı ATİAHİ Respublika Komitəsi sədrinin birinci müavini, Beynəlxalq Təhsil Birliyi İcraiyyə Komitəsinin üzvü Hümbət Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. İclasa Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti xanım Kristine Blover və Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Martin Romer moderatorluq etmişdir. Tədbirdə Beynəlxalq Təhsil Birliyinin təhsil siyasəti, təşkilatın Avropa Komissiyası ilə keçirdiyi görüşlər, 2015-ci ildə həyata keçirilən layihələr, 2016-cı ilin sonunda Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin qurultayının müəyyən edilməsi və gündəlikdə duran digər məsələlər müzakirə mövzusu olmuşdur. İclasda çıxış edən Martin Romer Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin fəaliyyətinin qənaətbəxş olduğunu vurğulamışdır. O həmçinin Avropada yaşanan miqrant probleminə də toxunmuş, dünyada gedən sürətli miqrasiya prosesinin təhsil sahəsində yaratdığı problemlərdən söz acmış və miqrasiya ilə bağlı plenar müzakirələr aparılmışdır. Toplantıda Hümbət Nağıyev də çıxış edərək müzakirə edilən məsələlərlə bağlı Respublika Komitəsinin mövqeyini ifadə etmişdir. O, 2014-2015-ci illərdə ölkəmizdə təhsil sahəsində görülən işlərdən, eyni zamanda Respublika Komitəsinin fəaliyyətindən geniş söz acmışdır. İclas çərçivəsində ATİAHİ Respublika Komitəsi sədrinin birinci müavini H.Nağıyevlə Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Martin Romer arasında təkbətək görüş keçirilmişdir. Görüşdə hər iki təşkilat arasındakı gələcək əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.M.Romer AHİK sədri S.Mehbalıyevə Azərbaycan Respublikası Milli Məclisinə yenidən seçilməsi və Azərbaycan Respublikasında həmkarlar hərəkatının inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunması münasibətilə, həm də Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 110 illik yubileyi münasibətilə təbriklərini göndərmişdir.Bundan əlavə, M.Romer növbəti ilin yaz aylarında Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin növbəti tədbirlərindən birinin Azərbaycanda keçirilməsini təklif etmişdir. Bu təklifə görə Respublika Komitəsi adından M.Romerə öz təşəkkürünü bildirən H.Nağıyev Azərbaycanın belə beynəlxalq tədbirlərə ev sahibliyi etməsində böyük təcrübəyə malik olduğunu vurğulamışdır. Səbuhi İMANOV,ATİAHİ RK-nın Beynəlxalq Əlaqələr Şöbəsinin mütəxəssisi