Məktəblərdə xüsusi şərait yaradılmalıdır


Baxıldı : 731

Tarix : 2015-10-23 02:10:00


Son illər respublikamızda əlillərin cəmiyyətə inteqrasiyası, onların mövcud infrastrukturlardan yararlanması istiqamətində tədbirlər görülür. Əlilliyi olan şəxslərin tibbi və sosial reabilitasiyası üçün addımlar atılır. Bu həftə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlardan daha 30 nəfərini Türkiyəyə bərpa müalicəsinə göndərib. Ötən il 161 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq xaricə bərpa müalicəsinə göndərilmişdisə, yalnız bu ilin ötən dövründə onların sayı 52,1 faiz artaraq 245 nəfərə çatıb. Bu addımlar təqdirəlayiq olsa da, daha bir vacib məsələ isə əlilliyi olan şəxslərin digər vətəndaşlarla bərabər sosial infrastrukturlardan yararlanması ilə bağlıdır. Ekspertlərin qənaətinə görə, əlillərin cəmiyyətə inteqrasiyası üçün bir nömrəli məsələ onlara bərabər imkanların yaradılmasıdır. Bütün sahələrdə əlillərin cəmiyyətin digər üzvləri ilə bərabər şəkildə təhsil alması, yaşaması və işləməsi təmin edilməlidir. Dünyanın bütün inkişaf etmiş ölkələrində əlillərin cəmiyyətə inteqrasiyası istiqamətində işlər bu kriteryalar əsasında aparılır. Respublikamızda isə son illər əksər təhsil obyektlərində əsaslı təmir işləri aparılsa da, əlilliyi olan şəxslərin istifadəsi üçün imkanların yaradılması nəzərə alınmayıb. Artıq Təhsil Nazirliyi də əməli işə keçməyin vaxtının çatdığı qənaətindədir. Təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda hər bir ali təhsil müəssisəsi sağlamlıq imkanları məhdud tələbələrin təhsil ala bilməsi üçün xüsusi şəraitin yaradılması məsələsinə ciddi diqqət yetirməlidir: \ Təhsil Nazirliyi universitetlərin akkreditasiyası aparılan zaman bu məsələlərə diqqət yetirir və bundan sonra da yetirəcək. Sağlamlıq imkanları məhdud uşaqlar, tələbələr üçün təhsil müəssisələrində xüsusi şəraitlər yaradılmalıdır\ . Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyətin sədri Davud Rəhimov deyir ki, Azərbaycan əlil insanların hüquqlarının qorunmasını tələb edən bir neçə beynəlxalq konvensiyanı ratifikasiya edib: \ Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə qəbul etdiyi qanunlardan biri \ Əlillərin sosial müdafiəsi haqqında\ qanun olub. 1997-ci ildə həmin qanuna dəyişikliklər edilərək əlillərin reabilitasiya məsələsi ilə bağlı məqamlar yer alıb. Həmin sənədlər iqtisadi, siyasi və mədəni həyatda əlillər üçün bərabər imkanların yaradılmasını özündə əks etdirir. \ Əlilliyi olan şəxslərin hüquqları haqqında\ Konvensiyanın 19-cu maddəsinə görə, bütün əlillərin digər insanlarla bərabər seçim variantları ilə adi yaşayış yerlərində yaşamaq hüququ tanınır. Dövlət əlillər tərəfindən bu hüququn tam reallaşdırılmasına və onların yerli cəmiyyətə tam daxil olmalarının iştirakına kömək etmək üçün effektiv və lazımi tədbirlər görməlidir. Əlillər digərləri ilə eyni əsaslarla öz yaşayış yerini, həmçinin harada və kiminlə yaşamağı seçmək imkanına malik olmalıdır. Onlar müəyyən yaşayış şəraitində yaşamağa məcbur edilməməlidirlər. Əlilliyə görə hər bir ayrı-seçkiliyə qadağa qoyulmalı və hər hansı bir əsasla ayrı-seçkilik hallarından əlillərin bərabər və effektiv hüquqi müdafiəsi təmin edilməlidir. Bu mənada əlillərin yaşayış, təhsil, yaxud digər sahələrdə onların təcrid edilməsi onların cəmiyyətə inteqrasiyasına ziddir\ . Xalid AZƏR