Məktəblərimizdə təhsilə maraq nə dərəcədədir?


Baxıldı : 213

Tarix : 2016-02-13 06:04:00


Adətən 10-11-ci siniflərdə oxuyan şagirdlər və onların valideynləri (əlbəttə, hamısı yox) laqeydliklə deyirlər: \ bu fənn mənə lazım deyil\ , \ bu fənn mənim övladıma lazım deyil\ . Bu münasibətdəndir ki, məktəblərdə yuxarı sinif şagirdləri əsasən seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verirlər. Digər fənlər isə, proqramın heç olmasa minimum tələbləri səviyyəsində öyrənilmir.Təhsil Nazirliyindən verilən məlumata görə, fənlər üzrə təhsil proqramları təsdiq olunmuş minimum dövlət standartlarının əsasında tərtib edilir. Şagirdlərin bilik və bacarıqlara yiyələnməsi prosesinə nəzarəti təmin etmək üçün yeni qiymətləndirmə modellərindən istifadə olunur. Bununla yanaşı, məktəblərdə şagirdlərin nailiyyətlərinin monitorinqi aparılır. Onların buraxılış imtahanlarının nəticələri təhlil olunub, gəlinən nəticəyə uyğun tövsiyələr hazırlanır. Təhsil üzrə ekspert Əjdər Ağayev qeyri-ixtisas fənlərə uşaqların maraq göstərməməsinin başlıca səbəbini TQDK-nın imtahanları test üsulu ilə götürməsində görür. Şagirdlər istədiyi ixtisas qrupunu təyin etdikdən sonra bütün səylərini bir neçə fənni mənimsənilməsinə yönəldirlər. Əgər test imtahanlarının məzmunu dəyişsə, imtahanlar şifahi və yazılı qəbul olunsa, onda qeyri-ixtisas fənlər də lazımi səviyyədə tədris olunar və uşaqlar ona da maraq göstərərlər. İmtahanların təşkilində, istər buraxılış, istər qəbul olsun, elmi-pedaqoji əsaslar və prinsiplər nəzərə alınmadığına görə, şagirdləri digər fənlərdən uzaqlaşdırılırlar. Ekspert vurğuladı ki, şagirdlərin tədris prosesinə marağını artırmaq üçün ilk növbədə məktəblərə nəzarəti gücləndirmək lazımdır. Məktəblərin əksəriyyətində musiqi, texnologiya, bədən tərbiyəsi kimi fənlər keçirilmir. Lakın bu fənlərin də uşağın inkişafına böyük təsiri var. Ə.Ağayev qeyd etdi ki, məktəblərdə nəzarət və məsuliyyət zəif olduğuna görə, bir çox müəllimin məsuliyyəti yoxdur. Nazirlik tərəfindən hər bir məktəbdə monitorinq keçirilib \ diaqnoz\ qoyulmalıdır. Diaqnoz qoyulandan sonra \ dərmanı\ tapmaq olar. Bir sözlə, bütün təhsil müəssisələrində təlim-tədris işinin səviyyəsi yoxlanılmalı və nəzarətdə saxlanılmalıdır. Hansı məktəbdə ki, \ məhsul\ keyfiyyətə cavab vermir, o məktəbin rəhbərliyi cavabdeh olub məsuliyyət daşımalıdır. Uşaqlarda qeyri-ixtisas fənlərinə maraq yaratmaq üçün şərait yaradılmalıdır. Bu məsələ zəncirvari prosesdən irəli gəlir. Bu gün bir çox hallarda şagirdlər müəyyən imtahanlarda, müsabiqələrdə yüksək nəticələr göstərsələr də, onların dünyagörüşləri zəif olur. Müasir gənc isə lazım olan dünyagörüşə malik olmalıdır. Buna görə də şagirdlər arasında mütaliənin populyarlaşdırılmasına ehtiyac var.Günel RAFAYILQIZI