Müəllim ...


Baxıldı : 440

Tarix : 2016-02-13 04:31:00


Müəllim işləyirəm. 14 saat dərsim var, buna görə 180,74 manat, sinif rəhbərliyi üçün 31 manat, idman rəhbərliyi üçün 31 manat, dərnək üçün 38,74 manat alıram. Əlavə olaraq 160 manat hündürlük əmsalı verilir. Qaçqın müəlliməm. Vergi tutulmadan maaşım 441,48 manat edir. Bilmək istəyirəm, məndən neçə manat gəlir vergisi tutulmalıdır?Aydın MOHBALIYEV,Şəki şəhəri.- Qaçqın olduğunuz üçün Vergi Məcəlləsinin 102.4.5. maddəsinə uyğun olaraq əməkhaqqınızdan gəlir vergisi 100 manat azaldılaraq tutulmalıdır. Yəni gəlir vergisi 441,48-100=341,48 manata yönəldilməlidir. Lakin nəzərinizə çatdırırıq ki, qeyd etdiyimiz maddəyə əsasən, bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.Həmin Məcəllənin 102.1.6 maddəsinə əsasən isə, Sizin aylıq gəlirinizin ölkə üzrə yaşayış minimumunun 1 misli miqdarında olan hissəsi də gəlir vergisindən azaddır. Bu gün üçün ölkə üzrə yaşayış minimumu 136 manat təşkil edir. Deməli, 341,48-136=205,48 manatdan 14% gəlir vergisi tutulmalıdır (205,48x14%=28,76 manatdır).Əməkhaqqınıza artım olarsa, onda gəlir vergisinin də məbləği buna mütənasib olaraq artacaqdır.Nəzərinizə çatdırırıq ki, qeyd edilən güzəşt hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.Hərbçi olmuşam, uzun müddətdir ki, pensiya alıram. Pensiyamı 2 kartla alırdım. Kartın biri ilə pensiya, digəri ilə isə \ yemək pulu\ verilirdi. İkincinin ödənilməsini dayandırıblar. Deyirlər ki, \ yemək pulu\ pensiya ilə birlikdə bir kartla ödənilir. Ona görə də 10 il ərzində \ yemək pulu\ kimi ikinci kartla aldığınız məbləğ geri qaytarılmalıdır. Həmin məbləği onlara qaytarmasam, pensiyamdan tutacaqlar. Pensiyamın hamısını tuta bilərlərmi? Bu, düzgündürmü?Nizami QULİYEV,Bakı şəhəri.- Əmək pensiyaları haqqında” qanunun 39-cu maddəsi artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulmasından bəhs edir. Həmin maddəyə əsasən, artıq ödənilmiş məbləğ yalnız Sizin razılığınızla pensiyanı təyin edən orqanın qərarı əsasında tutula bilər. Əgər Sizin razılığınız olmazsa, bu zaman məhkəmə qaydasında tutulur.Qanuna görə, pensiyadan tutulan məbləğ, əgər başqa əsaslara görə tutulan məbləğlər varsa, onlar nəzərə alınmadan, Sizə ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır.Amma birinci növbədə bu məsələ diqqətlə araşdırılmalıdır, əgər həqiqətən \ yemək pulu\ 2 dəfə ödənilirdisə, artıq ödənilmiş məbləğ qaytarılmalıdır. Bunun üçün yaxşı olardı ki, Sizə pensiya təyin etmiş dövlət orqanına müraciət edəsiniz.İstehsalatda bədbəxt hadisənin baş verməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə cinayət işi açılmışdır. Bu halda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bədbəxt hadisənin təhqiqi hansı qaydada aparılmalıdır?Vüsalə MƏMMƏDOVA,Bakı şəhəri.- Nazirlər Kabinetinin 27 saylı, 28 fevral 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş \ İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması\ Qaydalarının 15-ci hissəsinə əsasən, bu halda bədbəxt hadisənin təhqiqini istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar qaldırılmış cinayət işi üzrə zərərçəkən şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı təqdirdə, bədbəxt hadisənin təhqiqatı üzrə Cinayət Prosessual Məcəllənin 39-cu (cinayət təqibini istisna edən hallar) və 42-ci (bəraətin əsasları) maddələrinə uyğun olaraq xitam verildikdən sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsi və ya Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən yaradılan Komissiya araşdırır.İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər.İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinə (və ya birbaşa Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliynə (bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqları Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir.İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına, müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirilməsinə işəgötürən cavabdehdir.Notariatda uşağın doğum haqqında şəhadətnaməsini təsdiq etdirmişdim. Təsdiq olunmuş sənədi itirmişəm. Deyilənlərə görə, sənədin əsli olmasa da, təsdiq olunmuş sənədin dublikatını ya notariat arxivindən, ya da sənədi təsdiq edən notariusdan ala bilərəm. Mən haraya müraciət etməliyəm?Aybəniz ƏMİROVA,Bakı şəhəri.- Notariat hərəkətləri \ Notariat haqqında\ qanunla tənzimlənir. Aparılan notariat hərəkətlərindən biri də sənədlərin surətlərinin və sənədlərdən çıxarışların təsdiq olunmasıdır. Adıçəkilən Qanunun 44-cü maddəsinə (notariat qaydasında təsdiq edilmiş sənədin dublikatının verilməsi) əsasən, notariusun və ya rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələrinin verdiyi və ya təsdiq etdiyi sənədlər itirildikdə dublikatları verilir. Bunun üçün, Sizə deyildiyi kimi, yazılı ərizə ilə ya sənədi təsdiq edən notariusa, ya da notariat arxivinə müraciət etməlisiniz.Belə ki, qeyd edilən maddənin ikinci hissəsində deyilir ki, itirilmiş sənədin dublikatını dövlət notariat arxivi verir. Lakin notariusun və ya rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələrinin verdiyi və ya təsdiq etdiyi sənədlərin nüsxələri dövlət notariat arxivinə təhvil verilənədək itmiş sənədin dublikatını müvafiq olaraq həmin sənədlərin saxlanıldığı yer üzrə notarius və ya müvafiq icra nümayəndəliyi orqanı verir. Qanuna əsaslanaraq bildiririk ki, itirdiyiniz sənədin dublikatını almaq üçün birinci növbədə uşağın doğum haqqında şəhadətnaməsini təsdiq etdirdiyiniz notariat orqanına müraciət etməyiniz məsləhətdir. Sənədin arxivə təhvil verilib-verilmədiyini notariatdan öyrəndikdən sonra həmin orqana yazılı ərizə ilə müraciət edib təsdiq etdirdiyiniz sənədin dublikatını ala bilərsiniz.Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün şəhər icra hakimiyyətinin nümayəndəliyinə müracət etdim. Bildirdilər ki, belə şəhadətnamələr ancaq notariat kontorlarında verilir. Amma sənədlərin üzlərinin çıxarılması və təsdiq edilməsi üçün dəfələrlə icra nümayəndəliyinə müraciət etmişəm və müsbət həll olunub. Nə üçün budəfəki müraciətimi qəbul etmədilər?Sahib NƏZƏRLİ,Şirvan şəhəri.- Respublikamızda dövlət vasitəsilə notariat fəaliyyətini dövlət notariat kontorlarında çalışan dövlət notariusları, notariat kontoru olmayan yaşayış məntəqələrində rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələri, Mülki Məcəlləyə uyğun olaraq notariusa bərabər tutulan şəxslər və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri həyata keçirir. Lakin notariat fəaliyyətinin həyata keçirilməsi \ Notariat haqqında\ qanunda müəyyən edilmiş qaydada aparılır ki, burada da icra nümayəndələri tərəfindən aparılan notariat hərəkətlərinin dairəsi dəqiqləşdirilmişdir. Qanunun 18-ci maddəsinə əsasən, notariat kontoru olmayan yaşayış məntəqələrində şəhər, rayon, şəhər rayonu icra hakimiyyətinin nümayəndələri aşağıdakı notariat hərəkətlərini aparırlar:1) miras əmlakın mühafizəsi üçün tədbirlər görürlər;2) vəsiyyətnamələri təsdiq edirlər;3) əmlakdan istifadə edilməsi və ona sərəncam verilməsi barədə, avtomaşınların müvəqqəti istifadəyə verilməsinə dair etibarnamələr istisna olmaqla, etibarnamələri təsdiq edilrlər;4) sənədlərdən surət və çıxarışların düzgünlüyünü təsdiq edirlər;5) sənədlərdəki imzanın həqiqiliyini təsdiq edirlər.Göründüyü kimi, icra nümayəndələri tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi Qanunda nəzərdə tutulmamışdır. Bu növ şəhadətnamələrin alınması üçün Siz mirasın açıldığı yer üzrə dövlət notariat kontoruna və ya xüsusi notariusa müraciət etməlisiniz.