Müəllimlər arasında şahmat yarışı başa çatıb


Baxıldı : 308

Tarix : 2016-05-06 04:20:00


Aprelin 26-da Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş respublikanın ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat üzrə yarışın final mərhələsi keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetinin Şahmat Klubunda təşkil olunan yarışda rayon, şəhər mərhələlərinin qalibi olan 70-ə yaxın müəllim iştirak edib. Tədbiri TİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə açıb. O, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın banisi və qurucusu kimi dövlətçiliyimizin möhkəmlənməsi naminə gördüyü əvəzsiz işlərdən danışıb. Deyib ki, biz xalqımızın yaddaşına əbədi həkk olunmuş Heydər Əliyevin hər il doğum gününü müxtəlif formatlı tədbirlərlə qeyd edirik. Təhsil müəssisələrinin əməkdaşları arasında hər il keçirilən şahmat oyunları da bu qəbildəndir. Məlumat üçün deyək ki, yarışın birinci mərhələsi martın 10-dək ümumitəhsil məktəbləri, ikinci mərhələ isə aprelin 10-dək şəhər və rayonlar üzrə keçirilib. Böyük maraqla qarşılanan bu yarışlar həm də müəllimlərdə intellektual oyun növü olan şahmata marağı artırmaq və onların asudə vaxtını səmərəli təşkil etmək baxımından əhəmiyyətlidir. Eyni zamanda təhsil işçilərinin bilik və bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir. Prezident İlham Əliyev də hazırda respublikamızda şahmatın inkişafına böyük diqqət yetirir, bu məqsədlə bir sıra qanunlar imzalanıb. Həmçinin şahmatçılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərin sayı gündən-günə çoxalır, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr ölkəmizdə gənclər arasında şahmata marağı daha da artırır.Sonra M.Cəfərzadə yarış iştirakçılarına uğurlar arzulayıb. Yarış Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən keçirilib. Oyunları idarə edən hakimlər kollegiyasının qərarına uyğun olaraq respublikanın ümumtəhsil müəssisələrinin müəllimləri arasında baş tutan şahmat yarışının nəticəsi aşağıdakı kimi olub: Öz intellektual səviyyəsini daha yaxşı nümayiş etdirən Füzuli rayon 53 saylı tam orta məktəbin müəllimi Fəxrəddin İsmayılov fəxri kürsünün birinci pilləsinə qalxıb. İkinci yerə Şəki şəhər 10 saylı tam orta məktəbin müəllimi Tural Babayev sahib olub. Üçüncü sırada isə Zərdab rayon 1saylı məktəb-liseyin müəllimi Arzu Abbaszadə qərarlaşıb. Yarışda birinci yer tutan şahmatçı 500 manat, ikinci yer 300 manat, üçüncü yer 200 manat, həmçinin dördüncü-səkkizinci yerləri tutanlar isə 100 manat məbləğində pul mükafatı alacaq.Azər MUSTAFAYEV