Mən şəh...


Baxıldı : 425

Tarix : 2015-10-02 06:32:00


Mən şəhid anasıyam. Oğlum 1992-ci il aprelin 25-də Ağdərə rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. Əsgərlər hərbi xidmətə çağırılarkən 11000 manata sığortalanır. Mənə həmin sığorta pulu düşür, ya yox?Simuzər LƏLƏYEVA,Astara rayonu.- \ Hərbi qulluqçuların statusu haqqında\ qanunun 27-ci maddəsinə görə, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərin sosial təminatına dövlət zəmanət verir.Hərbi qulluqçuların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası onların sosial müdafiəsini gücləndirmək məqsədilə aparılır. Bu növ sığortanın qaydaları və şərtləri \ Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında\ qanunla müəyyən edilir. Qanun 20 may 1997-ci ildə qəbul edilmiş, müxtəlif vaxtlarda isə əlavə və dəyişikliklər edilmişdir. 20 oktyabr 2006-cı ildəki dəyişiklikdən sonra Qanunun 4-cü maddəsində deyilir: \ Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir\ .Oğlunuz 1992-ci il aprelin 25-də şəhid olmuşdur. Məktubunuzdan məlum olur ki, sığorta məbləğini almamısınız. Sizi və bu qəbildən olan digər şəxsləri narahat edən məsələlərin cavabı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 yanvar 2014-cü il tarixli \ Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında\ Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Qərarında əks ounub. Sizin maraqlarınız baxımından adıçəkilən Qərarın 2-ci və 3-cü hissəsini olduğu kimi nəzərinizə çatdırırıq:\ 2. Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq \ Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında\ Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin indiyə qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hıssəsinin 16-cı bəndinə əsasən, bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.3. Sığorta ödənişi almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir\ .Müraciət forması və sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər isə Qanunun 7-ci maddəsində yer alıb. Maddəyə görə, sığorta olunanların a) həlak olması (ölüm) halında; b) əlillik halında; c) ağır, yaxud yüngül xəsarət (travma, yaralanma, kontuziya) alması halında; ç) hərbi qulluqçunun səhhətinin pozulmasına görə vəzifəsini yerinə yetirməyə yararsız hesab edilməsi halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir:o həlak olması (ölüm) halında;o sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının şəhadətnaməsinin surəti;o vərəsəlik hüququnu təsdiq edən sənəd;o sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə, yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi.Sizin müraciətinizdəki sığorta hadisəsi a) bəndinə aid olduğu üçün təkcə bu halda lazım olan sənədləri qeyd etdik.Deməli, Milli Məclis tərəfindən sığorta məbləğinin ödənilməsi qaydaları və şərtləri müəyyən edildikdən sonra, əgər sığorta ödənişini almamısınızsa, onda Qanunun 5-ci maddəsinin \ a\ bəndinə uyğun olaraq müəyyən edilmiş sığorta məbləğini 100 faizin nisbətində almaq üçün 7-ci maddənin \ a\ bəndində qeyd olunan sənədlərlə sığorta orqanına müraciət edə bilərsiniz.Bank olmayan bir kredit təkilatından yazılı müqavilə ilə 10000 manat məbləğində zaminsiz, girovsuz pul götürmüşəm. Müqavilənin müddəti bitib. İcra şöbəsindən mənə bildirdilər ki, məhkəmə tərəfindən verilən əmrə əsasən, məndən ödənilməmiş məbləğ və ona hesablanmış faizlər tutulacaq. Məni məhkəmə iclasına çağırmayıblar. Eşitmişəm ki,10 gün ərzində etiraz yazsam, işə yenidən mənim iştirakımla baxa bilərlər, bu, doğrudurmu?Hüseyn MƏMMƏDOV,Bakı şəhəri.- Bəli, doğrudur. Mülki Prosessual Məcəllənin 276.1. maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Bu hallardan biri də 276.2.2. maddəsində nəzərdə tutulmuşdur: tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa, işə əmr icraatı qaydasında baxıla bilər. Həmin əmrdən apellyasiya şikayəti verilə bilməz.Həmin Məcəllənin 282-ci maddəsinə görə, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Qanunvericiliyə görə, borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər Siz 10 gün ərzində etiraz verərsinizsə, onda hakim əmri ləğv edir və iddia icraatı qaydasında işə baxır.Mən sonuncu artımdan sonra pensiyamın məbləğinin çoxaldığını hiss etdim. Lakin bunun artımla əlaqədar olduğunu nəzərə aldım. Həm də mən pensiyamın necə və nə qədər artacağını bilməzdim ki?Avqust ayında məni DSMF rayon şöbəsinə çağırıb dedilər ki, pensiyam artıq ödənilib, bu, pensiya məbləğindən tutulacaq. Axı mən pensiya təyin edilərkən və artım zamanı idarəyə heç bir saxta sənəd və ya artıq əməkhaqqı təqdim etməmişəm. Bu, həmin şəxslərin öz səhvidirsə, mənim pensiyamdan niyə pul tutulmalıdır?Ələkbər MƏMMƏDOV,Gəncə şəhəri.- Əmək pensiyanız hər hansı bir səbəbdən artıq ödənilmiş və bu, müəyyən müddətdən sonra məlum olmuşdur. \ Əmək pensiyaları haqqında\ qanunda pensiyaların hesablanması, ödənilməsi, əlavələrin verilməsi və sair kimi hallarla yanaşı, \ Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması\ (39-cu maddədə) da qeyd edilmişdir. Siz hansı növ əmək pensiyası (yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə) aldığınızı yazmasanız da, artıq ödənilmiş məbləğin Sizin pensiyanızdan tutulması qanunun tələbləri baxımından düzgündür. Çünki qeyd olunan maddə bütün növ əmək pensiyaçılarına aiddir. Sualınıza tam aydınlıq gətirmək üçün maddəni olduğu kimi nəzərinizə çatdırırıq:Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz.39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır.39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Özəl bir müəssisədə mühasib işləyirəm. 10 gündür 62 yaşım tamam olub. İşəgötürən mənimlə müddətsiz əmək müqaviləsi bağlayıb. Müdiriyyət deyir ki, işçi pensiya yaşına çatdıqda ərizə yazıb işdən çıxmalıdır. Yoxsa buna görə cərimə ödəməli olur. Müdiriyyətin dediyi nə dərəcədə doğrudur.Atakişi VƏLİYEV,Lerik rayonu.- 62 yaşınız tamam olsa da, pensiya yaşına çatmamısınız. Vətəndaşların pensiya yaşına çatması və onlara yaşa görə pensiya təyin edilməsi şərtləri \ Əmək pensiyaları haqqında\ qanunla tənzimlənir. Məktubunuzda qeyd etdiyiniz kişilər üçün 62 yaş həmin Qanunun 7-ci maddəsində göstərilsə də, bu gün üçün qanunvericilik 63 yaş nəzərdə tutur. Belə ki, Qanunun həmin maddəsində 62 yaşına çatmış kişilərin pensiya hüququnun yaranması qeyd edilsə də, sonradan edilmiş dəyişikliyə görə həmin maddənin \ Qeyd\ hissəsində göstərilir ki, kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək hər il 6 ay artırılır. Deməli, 2012-ci ilin yanvar ayının 1-dən etibarən kişilər üçün pensiya yaşı 63 yaş müəyyən edilmişdir.Lakin 63 yaşına, yəni pensiya yaşına çatmış kişilərin pensiya yaşına çatması səbəbindən ərizə yazıb işdən çıxmalı olması heç bir qanunvericilik aktında öz əksini tapmamışdır. Görünür, müdiriyyət pensiya yaşını dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi kimi qəbul edir. Belə ki, Əmək Məcəlləsinin 10-1.1. maddəsində deyilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Lakin məktubunuzdan görünür ki, özəl bir müəssisədə mühasib işləyirsiniz və dövlət büdcəsindən maliyyələşmirsiniz. Belə olan halda qeyd olunan müəssisələrdə çalışmanın yaş həddi Sizə və həmin müəssisədə əmək müqaviləsi ilə çalışan heç bir işçiyə şamil oluna bilməz.Məktubunuzda başqa bir məqam da pensiya yaşına çatan işçinin ərizə yazıb işdən çıxmadıqda qanunu pozmuş sayılması və bu halda cərimə ödəməli olmasıdır.Yuxarıda qeyd etdik ki, bu gün qüvvədə olan qanunvericiliyə görə, pensiya yaşına çatmasına görə işçinin işdən çıxarılması nəzərdə tutulmamışdır. Eyni zamanda bildiririk ki, işçi pensiya yaşına çatanda (kişilər 63, qadınlar 60 yaş) öz istəklərinə görə işdən çıxmaq üçün ərizə ilə müdiriyyətə müraciət edə bilərlər. Bu müraciət olmadığı üçün işçi qanunu pozmuş sayılmır və bu halda qanunvericilikdə heç bir cəza tədbiri, o cümlədən cərimə nəzərdə tutulmamışdır.