Mənzil problemlərinin həllinə yaşıl işıq…


Baxıldı : 122

Tarix : 2016-11-14 17:15:00


Azərbaycanda aztəminatlı ailələr yaxın vaxtlarda mənzillərlə təmin ediləcək. Artıq sosial evlər layihəsinin icrasına da start verilib.Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) verilən məlumata görə, Agentlik ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə ilk layihəsinin icrasına artıq başlayıb.\ MİDA\ MMC-nin sifarişi ilə çoxmənzilli binaların inşa olunacağı ilk yaşayış kompleksi Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə salınacaq. Sosioloq Cavid İmamoğlu qəzetimizə açıqlamasında bildirdi ki, sosial mənzil fondunun yaradılması məhz buna görə vacibdir ki, gənclərə uzun müddətə və aylıq ödənişi aşağı olan mənzillərin təklif edilməsinə imkan yaradılır. Sosial evlər layihəsi müxtəlif ölkələrdə tətbiq olunan ən uğurlu layihələrdəndir. Türkiyədə sosial mənzil fondu artıq 40 ilə yaxındır ki, fəaliyyət göstərir və aztəminatlı gənclər ayda 70 dollar ödəməklə mənzilə sahib ola bilərlər. Bu iş əhalinin, xüsusilə aztəminatlı ailələrin mənzilə olan tələbatını qısa müddətdə həll etməkdə dövlətin, dövlət təşkilatlarının, özəl sektorun birgə fəaliyyəti nəticəsində həyata keçirilir.Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, Bakı şəhərində qəzalı vəziyyətdə binalar kifayət qədər çoxdur. İndi pilot layihələri icra edilir. Sosial mənzillərin, eyni zamanda qəzalı vəziyyətdəki bu evlərin yerində gözəl, çoxmərtəbəli binaların tikintisi inşaat sektoruna çox böyük təkan verəcək. Vətəndaşlar ilkin ödənişsiz, ayda cəmi 80-100 manat ödəməklə ev sahibi ola biləcək. Ən önəmli məqamlardan biri isə bu evlərin yalnız Bakıda deyil, bölgələrdə də tikiləcəyi ilə bağlıdır.İqtisadçı ekspertlərin fikrincə, sosial mənzil fondunu formalaşdırmaqla Azərbaycanda mənzil problemini yaxın 10 ildə həll etmək mümkündür. Bu hətta sosial mənzil fondundan istifadə etməyənlərə də əlverişli qiymətlər ilə mənzil almaq imkanı verir.Eyni zamanda aztəminatlı ailələri yüksək kirayə haqları ödəməkdən azad edəcək, kirayə bazarında qiymətləri sabitləşdirəcək. Dövlət sifarişləri əsasında mənzil tikintisi həmçinin regionların proporsional inkişafını təmin edə bilər. GÜNEL