Müqəddəs and yeri


Baxıldı : 203

Tarix : 2015-01-24 05:14:00


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 20 Yanvar faciəsinin 25-ci ildönümunə həsr edilmiş anım günü keçirilmişdir. Akademiyanın professor-müəllim və tələbə heyətinin iştirakı ilə gerçəkləşən tədbir dövlət himni və faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı. Həmin faciəni ürəkağrısı ilə xatırlayan tədris və tərbiyə işləri üzrə prorektor Sirac Məmmədov bildirdi ki, yanvarın 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Bakı küçələrinə yeridilən tanklar və BTR-lər qarşılarına çıxan nə vardısa hamısını məhv edir, insanlara amansız divan tuturdu. İnsanlar nəinki küçələrdə, hətta öz mənzillərində güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.O ağır günlərdə sovet rəhbərliyinə ilk və ən kəskin etiraz səsini ucaldan ulu öndər Heydər Əliyev oldu. Heydər Əliyev hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfrasında bu faciənin səbəblərini açıqlayaraq totalitar kommunist rejiminin törətdiyi vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, bütün dünyaya bəyanatla çıxış etdi.Akademiyanın tələbə həmkarlar ittifaqı təşkilatının sədri, III kurs tələbəsi Mahmud Mahmudov isə dedi ki, mən bir gənc olaraq qeyd etmək istəyirəm ki, Bakının ən yüksək nöqtələrindən birində müqəddəs and yerimiz var. Bu, 20 Yanvar şəhidlərinin və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olan qəhrəmanlarımızın yatdığı Şəhidlər xiyabanıdır. Tədbirin sonunda \ Qanlı Bakı - 1990\ və \ 19 Yanvar və 1 gün sonra\ nümayiş etdirilən qısametrajlı televiziya filmi göstərildi. Bundan başqa Akademiyada 20 Yanvar faciəsinin şəhidlərinin xatirəsini əks etdirən sərgi təşkil olunmuşdu. Sərgidə fotoşəkillər, məqalə və kitablar şəhidlərimizin keçdiyi həyat yollarına həsr olunmuşdu.Xaqani MƏMMƏDOV,AƏSMA-nın müəllimi