Mərasimlərdə israfçılığa niyə son qoyulmur


Baxıldı : 311

Tarix : 2015-01-31 04:53:00


Ötən ilin sonundan etibarən ölkədə toy və yas mərasimlərində israfçılığa son qoyulması məqsədi ilə kütləvi kampaniyaya start verildi. İsrafçılığın aradan qaldırılması üçün maarifləndirmə işləri aparıldı, bir sıra örnəklər nümayiş etdirildi, hətta yerli icra strukturları və bələdiyyələrə nəzarət səlahiyyətləri verildi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi prosesə cəlb edilərək lazımi tövsiyələrini verdi.Lakin müşahidələr onu deməyə əsas verir ki, həyata keçirilən çoxsaylı tədbirlər toy və yas mərasimlərində israfçılığın aradan qaldırılmasına heç də əsaslı təsir göstərməyib. Yenə də naz-nemətli təamlar süfrələri bəzəməkdədir. İş orasındadır ki, vətəndaşlar qətiyyən artıq dəb halını almış bu ənənədən əl çəkmək fikrində deyil. Qafqaz Müsəlmanları İdarəsi insanların narahatçılığını nəzərə alaraq rəsmi qaydada izahat verdi ki, həyata keçirilən mübarizə tədbirlərinin ehsana qətiyyən aidiyyəti yoxdur. QMİ bəyan etdi ki, bu mübarizə israfçılığa qarşı aparılmalıdır, ehsana qarşı yox. Ardınca İqtisadiyyat və Sənaye Nazirliyi toy mərasimlərində israfçılığın aradan qaldırılması məqsədi ilə tövsiyələrini verdi. Lakin bütün görülən tədbirlərə baxmayaraq, yenə də toy və yas mərasimlərində israfçılıq halları davam etməkdədir. Vəziyyət o həddə çatıb ki, vətəndaşlar belə halları ört-basdır etmək üçün müxtəlif yollardan istifadə edirlər. AZƏR