Mərkəzi Bank öz işini asanlaşdırdı


Baxıldı : 206

Tarix : 2016-01-16 04:44:00


Bir neçə həftə öncə Mərkəzi Bankın valyutadəyişmə məntəqələrinin lisenziyasının ləğv ediləcəyi və fəaliyyətinin dayandırılacağı xəbərləri mediada yayılmışdı. Mərkəzi Bank valyutanın satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi ilə bağlı banklara məktub göndərərək bildirmişdi ki, banklar satış məzənnəsinin alış məzənnəsindən kənarlaşma həddi kimi 4 faizlik limitə əməl etməlidir. Başqa sözlə, banklar xarici valyutanın alqı-satqısı zamanı Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnədən 4 faiz kənarlaşa bilər. Əvvəllər bu, 2 faiz səviyyəsində idi.Artıq yanvarın 12-dən Bakıdakı bütün valyutadəyişmə məntəqələri fəaliyyətini dayandırdı.Bəzi ekspertlərin fikrincə, bu, zəruri addımdır və Mərkəzi Banka öz pul siyasətini dəqiqləşdirməyə, üzən məzənnəni nəzarətdə saxlamağa imkan yaradacaq. Amma bununla razılaşmayan ekspertlər də var. Onlar belə düşünürlər ki, valyutadəyişmə məntəqələrinin bağlanması ilk növbədə insanlar arasında inamsızlığı artıra bilər.Millət vəkili Vahid Əhmədov açıqlamasında bildirdi ki, valyutalar yalnız Mərkəzi Bankın razılıq verdiyi banklarda dəyişdiriləcək. Hava limanlarında, vağzallarda və s. bu tipli məkanlarda da valyutadəyişmə məntəqələrinin açılması vacibdir.Bu mövzu ilə əlaqədar biz iqtisadçı-alim Vüqar Bayramova müraciət etdik. İlk növbədə ondan valyutadəyişmə məntəqələrinin bağlanma səbəbləri nədir? - deyə soruşduq.- Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin bağlanmasını qara bazarın yaranmasının qarşısının alınması məqsədilə atılan addım kimi izah edir. Bizim qənaətimizcə, bu qərar həm də Mərkəzi Bankın məzənnəyə daha asan nəzarət etmək imkanları ilə bağlıdır. Belə ki, valyutadəyişmə məntəqələrinin iş adamları və vətəndaşlar ilə uzunmüddətli əməkdaşlıq əlaqələri mövcud idi. Baxmayaraq ki, Mərkəzi Bankın 4 faizlik marjı var, amma buna rəğmən valyutadəyişmə məntəqələrinin əksəriyyəti həmin şərtə əməl etmirdi. Bizcə, əslində daha məqsədəuyğun olardı ki, Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin bağlanması ilə bağlı qərarı may-iyun aylarına qəbul etməliydi. Çünki bahalaşma prosesi hələ bitməyib. İndiki zamanda dollara olan tələbatın tam ödənilməsi üçün valyutadəyişmə məntəqələrinin fəaliyyətini bir müddət davam etdirməsi daha münasib olardı. - Yenidən onların fəaliyyəti mümkündürmü?- Valyutadəyişmə məntəqələrinin fəaliyyətinin yenidən mümkünlüyü ilə bağlı qərarı Mərkəzi Bank qəbul edir. Ümumiyyətlə, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpası mümkündür. Əgər dollara tələbat stabilləşərsə, o zaman Mərkəzi Bank yenidən valyutadəyişmə məntəqələrinin bərpası ilə bağlı qərar qəbul edə bilər. Çünki banklara bu funksiyanın verilməsi orada gərgin iş rejimi və uzun növbələrin yaranmasına gətirib çıxarır. Başqa bir aspektdən baxsaq valyutadəyişmə məntəqələrində ölkə üzrə 6 minə yaxın vətəndaş çalışırdı. Məntəqələrin bağlanması 6 min insanın iş yerini itirməsi deməkdir. - Dollarla manat arasında məzənnənin tənzimlənməsinə valyutadəyişmə məntəqələrinin bağlanması necə təsir edəcək?- Hələlik iki formada təsir edəcək. Birincisi, banklarda növbələrin sayı artacar. İkincisi, sözsüz ki, banklarda dollara olan tələbat tam ödənilmədiyi üçün \ qara bazar\ ın formalaşmasına gətirib çıxaracaq. Hələlik \ qara bazar\ mexanizmi işləyir. Vətəndaşların və sahibkarların bir qismi nisbətən yüksək kursla dollar və ya avro ala bilirlər. Dollarla avroya olan tələbatın ödənilməsində problemlər var. Ona görə də valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayanması birmənalı şəkildə Azərbaycanda yenidən \ qara bazar\ ın formalaşmasına səbəb olacaq.Onu da qeyd etmək lazımdır ki, \ qara bazar\ ı formalaşdıranlar insanlarda ajiotaj da yaradırlar. Vətəndaşlar birmənalı şəkildə bilməlidirlər ki, İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda cərimə tətbiq edilir.Günel RAFAYILQIZI