Müstəqil Azərbaycanın ilk Konstitusiyası


Baxıldı : 164

Tarix : 2016-11-14 12:29:00


Ötən əsrin 90-cı illərində Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edən Azərbaycan suveren bir ölkə kimi Dünya Birliyinin üzvü olsa da, qarşıda hüquqi və demokratik dövlət quruculuğu kimi mühüm bir vəzifə dayanırdı. Müstəqilliyi şərtləndirən başlıca amillərdən biri dövlət təsisatlarının yaradılması və bu sahədə olan boşluqların aradan qaldırılması idi. Demokratik islahatlar yeni konstitusiyanın tezliklə qəbul olunmasını tələb edirdi. Bunun üçün Prezident Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiya yaradılıb, müzakirələrə başlanılıb. Birmənalı şəkildə demək olar ki, layihənin müəllifi ümummilli lider Heydər Əliyevin özü idi. Hər bir fəsil və maddənin yazılmasına qədər gərgin əmək sərf edən ulu öndərin müəllifi olduğu bu Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilib. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.Həmin gündən 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyan yeni Konstitusiya 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarət olub. Bu Ali sənəd ölkədə həyata keçirilən hüquqi - demokratik islahatlar üçün möhkəm bir təməl idi. Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurlarının hüquqi başlanğıcında da məhz ümummilli Lider Heydər Əliyevin həyat verdiyi Azərbaycanın ilk Konstitusiyası dayanır. Konstitusiyanın qüvvədə olduğu sonrakı dövrlərdə hansı sahədə əlavə və dəyişikliklərə ehtiyac duyulduqca Azərbaycanda bir neçə dəfə referendum keçirilib. Bunlardan birincisi 24 avqust 2002-ci ildə keçirilib. İkincisi 18 mart 2009-cu ildə baş tutub. Üçüncü referendum isə 26 sentyabr 2016-cı ildə olub. AZƏR